09:34 08 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Siqaret çəkib, içki içənlərin nəzərinə!

RADİO
Qısa URL
30901

Spirtli içkilərin və tütün məhsullarının nağd qaydada satışında dəyişikliklər nəyə hesablanıb?

Siqaret çəkib, içki içənlərin nəzərinə!
Prezident İlham Əliyev Azərbaycan İnzibati Xətalar Məcəlləsində spirtli içkilərin nağd qaydada satışının, eləcə də tütün məhsullarının topdan nağd satışının qadağan edilməsini nəzərdə tutan dəyişikliklərin edilməsi haqqında qanunu təsdiqləyib.

Dəyişikliklərə görə, aksiz markalı məhsulların nağd qaydada xeyli miqdarda satılması və onları satış məqsədləri üçün nağd qaydada xeyli alınmasına görə1000 manatdan 2000 manatadək cərimə, bir ilədək islah işləri və ya bir ilədək həbs cəzası nəzərdə tutulub. Eyni əməllər külli miqdarda törədildikdə isə iki ilədək islah işləri və ya iki ilədək həbs cəzası verilə bilər.

Xeyli miqdar deyiləndə 50 manatdan 1000 manatadək, külli miqdarda isə 1000 manatdan yuxarı olan məbləğ nəzərdə tutulur.

Lakin dəyişikliklər siqaretlərin kiçik sayda pərakəndə satışına imkan verir, yəni yalnız şəxsi istifadə üçün. Əgər siqaretlər satış məqsədilə alınırsa, onda bu məbləğ yalnız bank və ya ödəniş kartları ilə ödənilməlidir. Əks halda 100 manat cərimə tətbiq ediləcək.

Dəyişikliklər 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, bu dəyişikliklər istehlakçı və vətəndaşların xeyirinə olacaq:

“Mən bunun tam tərəfdarıyam, çünki hər iki malın satışı minimuma endirilməlidir. Azərbaycan dünyanın az ölkələrindən biridir ki, müasir supermarketlərə girirsən siqaretlər səni qarşılayır. Bu çox anormal bir haldır. Bu siqaretlərin satışının məhdudlaşdırılmasına təsir edəcəkdir. Ümumi halda istehlakçıların və vətəndaşların xeyirinədir”.

Ekspert həmçinin dəyişikliklərin siqaret və alkoqollu içkilərin qiymətlərinə mümkün təsirini şərh edib:

“Mən siqaretin qiymətinin qalxmasının tərəfdarıyam. Lakin burada qiymətin qalxması amili qətiyyən görünmür. İki məsələ dayanır – həm nəğd ödənişlərə keçid rol oynayır burada, həm də adı çəkilən malların satışının məhdudlaşdırılması olur. Altdan-gizlin satanlar olarsa, ona görə istehlakçıları çağırıram ki, fəal olsunlar və ölkə prezidentinin qaldırdığı məsələlərə ictimai dəstək versinlər”.

Qeyd edək ki, alkoqollu içki və siqaretlərin satışı indiyədək vergidən yayınma hallarının ən çox baş verdiyi sahələrdən biri kimi sayılır. Özü də əsas problemlərdən biri pərakəndə yox, topdansatış məntəqələri ilə bağlıdır. Belə ki, indiyədək mağaza sahiblərinin böyük hissəsi topdansatış məntəqələrində aldıqları araq-siqaret məhsullarına görə, faktura ala bilmirdilər. Bu isə topdan və pərakəndə satış məntəqələrinin vergidən yayınmasına imkan verirdi. Qanunlara ediləcək son dəyişikliklər bu halların qarşısını almalıdır.

 

Əsas mövzular