19:12 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0067
  • RUB0.0231
SİYASƏT
Qısa URL
170 0 0

Ermənistan silahlı qüvvələrinin bölmələri bu həftə Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini, eləcə də ayrı-ayrı rayonlarını müxtəlif çaplı silahlardan atəşə tutub.

İyulun 12-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Dövlət başçıları Tacikistan-Azərbaycan ikitərəfli münasibətlərinin aktual aspektlərini, xüsusən tərəflərin iqtisadi-ticari əlaqələrini müzakirə edərək, son illərdə bu əlaqələrin inkişafının müsbət dinamikasını vurğulayıblar.

Tərəflər Əfqanıstanda hazırkı hərbi-siyasi vəziyyətə xüsusi diqqət ayırıblar.

Bununla əlaqədar, Emoməli Rəhmon Əfqanıstanın Tacikistanla həmsərhəd əyalətlərində yaranmış həyəcanlı vəziyyət barədə Azərbaycan Prezidentini ətraflı məlumatlandıraraq, MDB-nin cənub sərhədlərində vəziyyətin kəskinləşməsinə görə ciddi narahatlıq ifadə edib.

Tacikistan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Prezidentini onun üçün münasib vaxtda Tacikistana rəsmi səfərə dəvət edib. Azərbaycan Prezidenti dəvəti minnətdarlıqla qəbul edib.

Səfərin vaxtı diplomatik kanallarla razılaşdırılacaq.

Ermənistanın Azərbaycana məxsus tarixi və mədəni irsi mənimsəməsinə dair hesabat hazırlanıb

Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzi "Ermənistanın Azərbaycanın tarixi və mədəni irsini mənimsəməsi" adlı hesabat hazırlayıb. Hesabatda həm işğaldan azad olunmuş Azərbaycan ərazilərində, həm də Ermənistan ərazisində Azərbaycana məxsus tarixi və mədəni irsin Ermənistan tərəfindən mənimsənilməsi siyasətinin müxtəlif tərəfləri araşdırılır.

İki hissədən ibarət olan hesabatın birinci hissəsində Qarabağın mədəni və tarixi irsinin, o cümlədən muzey və mədəniyyət abidələrinin talan edilməsi, həmçinin ərazidə qanunsuz arxeoloji qazıntıların aparılması araşdırılır. Materialın ikinci hissəsində abidələrin "erməniləşdirilməsi" və azərbaycanlılara məxsus irsin saxtalaşdırılması təhlil edilir. Hesabatın bir qismi Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunan mənbələrə əsasən hazırlanıb.

Rusiya Baş nazirinin müavinin Bakı səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev Rusiyanın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Vladimir Putinə çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli İşçi qrupunun fəaliyyəti ilə bağlı məsələlər müzakirə edilib.

Azərbaycan-Rusiya ikitərəfli əlaqələrinə toxunulub, ticarət dövriyyəsinin və Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının artması məmnunluqla vurğulanıb. Azərbaycan-Rusiya sərhədində sərhəd-keçid məntəqələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub, Şimal-Cənub dəhlizi ilə tranzitin artırılması prosesinin çox fəal getdiyi bildirilib.

Söhbət zamanı ticarət, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

İlham Əliyev: "Peyvənd millətçiliyi" narahatlıq doğurur"

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 13-də keçirilən Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda aralıq konfransında videoformatda çıxışında bildirib ki, "Qlobal səhiyyə böhranı fonunda "peyvənd millətçiliyi" narahatlıq doğurur".

Dövlət başçısı bildirib ki, Azərbaycan ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayıb:

"Bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur".

DELTA ştammı Azərbaycan-da

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə açıqlama yayıb.

Aparılan araşdırmaların növbəti mərhələsində son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı, 9-da B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.

Dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərmişdir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Bu gün ölkəmizdəki sabit epidemioloji vəziyyəti aparılan vaksinasiyaya borcluyuq. Bir daha bütün vətəndaşlarımızı vaxt itirmədən vaksinasiya olunmağa çağırırıq.

Müddətli hərbi xidmətdə olan şəxslərin övladlarına müavinət ödəniləcək

Azərbaycanda müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına aylıq müavinət ödəniləcək. Bu, Prezident İlham Əliyevin iyulun 13-də imzaladığı "Hərbi qulluqçuların statusu haqqında" qanununa dəyişiklik edilməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətdə olan şəxsin hər övladına aylıq 100 manat sosial müavinət ödəniləcək.

İlham Əliyev: "Biz bütün şəhidlərimizin qisasını döyüş meydanında aldıq

Mən şəhid ailələri ilə 18 il ərzində çoxsaylı görüşlər keçirmişəm. Daim çalışmışam ki, onlara həm mənəvi dəstək verim, həm də onların məişət problemlərini həll edim. Eyni zamanda, bilirdim ki, onlar üçün bütün bu məişət problemlərindən daha vacib məsələ onların övladlarının qisasının alınmasıdır. Bunu iyunun 14-ü Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışı zamanı bildirib.

"Mən bunu çox yaxşı başa düşürdüm və biz hamımız onların qisasını almaq istəyirdik və almalı idik. Deyirdim ki, onların qanı yerdə qalmayacaq və bu gün gəldi. Biz bütün şəhidlərimizin qanını aldıq. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qisasını döyüş meydanında aldıq və bununla fəxr edə bilərik.

Öz yaxınlarını itirmiş insanlar, hesab edirəm, bununla təsəlli tapa bilərlər. Çünki onların qəhrəmanlığı, onların şücaəti və fədakarlığı torpaqlarımızın azad olunmasına xidmət etdi. Məhz onların qanı bahasına biz torpaqları almışıq, geri qaytarmışıq. Hər birimiz deyirdik, ürəyimizdə deyirdik və sözdə də deyirdik ki, nəyin bahasına olursa olsun, biz torpaqlarımızı geri almalıyıq", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

İlham Əliyev qeyd edib ki, şəhidlərimiz haqq yolunda Vətən uğrunda həlak olublar: "Onların qəhrəmanlığı bu gün bütün dünyada artıq gerçək kimi qəbul olunub. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucaldılır. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaq. Bu, şəhid ailələri üçün təsəlli ola bilər".

Bakıdan Yerevana sərt reaksiya: "Boş xülyalar Ermənistana yaxşı heç nəyi vəd etmir

"Ermənistan rəsmilərinin bölgədə yaranan yeni reallıqla uzlaşmayan və sülhü hər hansı əsassız məsələlər ilə şərtləndirməyə çalışan bəyanatları, ilk növbədə elə bu ölkənin özünə qarşıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın "Qarabağın statusu məsələsi həll olunmayanadək sülh müqaviləsi olmayacaq" bəyanatını şərh edərkən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva söyləyib.

"Görünür, Avinyan unudub ki, artıq seçki geridə qalıb; indi populizm deyil, real işlərlə məşğul olmağın zamanıdır. Ümumiyyətlə, Ermənistan rəsmilərinin bölgədə yaranan yeni reallıqla uzlaşmayan və sülhü hər hansı əsassız məsələlər ilə şərtləndirməyə çalışan bəyanatları, ilk növbədə elə bu ölkənin özünə qarşıdır. Bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə edilməsinin ən yaxşı vasitəsi münasibətlərin normallaşmasıdır, bunun təməlində isə beynəlxalq hüquq prinsiplərinə hörmət və riayət dayanır. Bu, Azərbaycanın hər zaman nümayiş etdirdiyi mövqedir.

Ərazilərimizin işğalı faktorunun aradan qaldırılması ilə biz qonşu Ermənistanla münasibətlərin normallaşmasına hazır olduğumuzu bəyan etdik, yeni əməkdaşlıq təşəbbüslərini dəstəklədik. Çünki biz destruktivlik deyil, konstruktivlik tərəfdarıyıq", - deyə Leyla Abdullayeva bildirib.

Qondarma "status" məsələsinə istinadlara gəldikdə, XİN rəsmisi bildirib ki, bu xüsusda Azərbaycanın mövqeyi dəfələrlə və ən yüksək səviyyədə bəyan edilib.

"Dövlət başçımız 14 iyul tarixində səsləndirdiyi çıxışında bir daha vurğuladı: "Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı. Bütün Qarabağa aid olan rayonlar orada birləşib".

Eyni zamanda biz bəzi xarici nümayəndələr tərəfindən də oxşar fikirlərin irəli sürüldüyünü müşahidə edirik. Təəssüf ki, bu insanların səsləndirdiyi boş vədlər və xülyalar Ermənistana yaxşı heç nəyi vəd etmir. Bunu Ermənistan dərk etməli, keçmişdən və tarixdən nəticə çıxarmalıdır", - deyə Leyla Abdullayeva bildirib.

Əliyev Ərdoğana zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin ildönümü ilə bağlı telefonla zəng edib.

Dövlət başçısı, ilk növbədə, həmin günlərdə həlak olan şəhidlərin xatirəsini dərin ehtiramla yad edib. Prezident İlham Əliyev bildirib ki, Türkiyə dövlətçiliyinə və xalqına qarşı yönəlmiş həmin xəyanətkar dövlət çevrilişi cəhdinin qarşısının alınmasında şəxsən Rəcəb Tayyib Ərdoğanın göstərdiyi qətiyyət və böyük liderlik müstəsna rol oynayıb.

Dövlət başçısı, eyni zamanda, qeyd edib ki, həmin tarixi sınaq günlərində xalqın Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşməsi Türkiyə xalqının dövlətçilik yolunda göstərdiyi fədakarlığının bariz nümunəsi olub.

Prezident İlham Əliyev Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi günlərində olduğu kimi, bu gün də Azərbaycanın dost və qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb, ölkələrimiz və xalqlarımız arasında sıx birliyin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Rəcəb Tayyib Ərdoğan telefon zənginə və göstərilən diqqətə görə Azərbaycan Prezidentinə minnətdarlıq edib və öz növbəsində Türkiyə-Azərbaycan birliyi və qardaşlığının hər zaman möhkəmlənəcəyinə əmin olduğunu bildirib.

Söhbət zamanı əməkdaşlığın müxtəlif aspektləri müzakirə edilib.

İşğaldan azad olunan ərazilərimizin ermənilər tərəfindən atəşə tutulması

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan olmayıb.

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan olmayıb.

İyulun 15-də saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan olmayıb.

Naxçıvan istiqamətində gərginlik

İyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.

Cavab atəşi ilə düşmən susdurulub.

İyulun 16-sı saat 10.00 və 13.00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Qarşı tərəfin susdurulması məqsədilə Ermənistan silahlı qüvvələrinin Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən bölmələrinə cavab atəşi açılıb.

Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Prezidentin digər sərəncamı ilə Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 16-sı saat 20:40-dan 22:30-dək Basarkeçər rayonunun Yuxarı Şorca kəndi ərazisində yerləşən mövqelərindən fasilələrlə və iyulun 17-si saat 01.00 radələrində Berd rayonunun Mosesqex kəndi istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu kəndi və Tovuz rayonunun Ağdam kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Məlumatda o da qeyd olunur ki, iyulun 17-si saat 08:30-da isə Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Putindən Baydenə Əfqanıstanla bağlı gözlənilməz təklif

İyulun 17-i "Kommersant" nəşri öz mənbələrinə istinadən məlumat yayıb ki, Rusiya Prezidenti Vladimir Putin Cenevrədə sammit zamanı amerikalı həmkarı Co Baydenə Əfqanıstan istiqamətində addımları koordinasiya etməyi təklif edib.

Nəşr yazır ki, Putin Baydenə Əfqanıstanda vəziyyətə nəzarət üçün Tacikistan və Qırğızıstandakı hərbi bazalardan istifadə etmək təşəbbüsü ilə çıxış edib. Məqsəd isə Rusiya bazalarında dronların istifadəsi ilə informasiya mübadiləsi olmalı idi. Mənbələrdən biri nəşrə bildirib ki, amerikalıların başqa bir məqsədi olmasaydı, yəqin ki bu təklifi qəbul edərdilər. Məlumatda bildirilir ki, ABŞ tərəfindən hələ də cavab gəlməyib.

Əsas mövzular