BAKI, 21 iyun — Sputnik. “Qazaxıstanlı həmkarıma postmünaqişə dövrü ilə bağlı məlumat verdik”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdı ilə görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov deyib.
Üçtərəfli bəyanatın bəzi müddəalarının icrası gecikir
Nazir bildirib ki, Qarabağla bağlı üçtərəfli bəyanatların bəzi müddəaları həyata keçirilir, bəzi müddəaların icrası gecikir:
“Qazaxıstanlı həmkarıma 100 minlərlə məcburi köçkünün torpaqlarına qayıtmasının vacibliyi barədə məlumat verdim. Bu istiqamətdə potensial əməkdaşlıq barədə də müzakirə apardıq”.
Xarici işlər naziri Muxtar Tleuberdını mina təhlükəsi haqda da məlumatlandırdığını vurğulayıb: “10 noyabr 2020-ci il üçtərəfli bəyanatı imzalanandan sonrakı dövrdə 28 nəfər minaya düşərək həyatını itirib, 120-dən artıq insan yaralanıb. Ermənistanın mina xəritələrini təqdim etməməsi vəziyyəti daha da gərginləşdirir. Ermənistan bir müddət əvvəl beynəlxalq vasitəçilərin iştirakı ilə Ağdam üzrə mina xəritələrini təqdim edib. Təkcə bir rayonda minaların sayı 97 mindir. Bu, mina təhlükəsinin hansı səviyyədə olduğunu göstərir”.
C. Bayramov xatırladıb ki, 11 yanvar 2021-ci ildə yeni üçtərəfli bəyanat imzalanıb: “Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bu bəyanat kommunikasiya əlaqələrinin, iqtisadi münasibətlərin bərpası ilə bağlıdır. Bu razılaşmanın həyata keçməməsinə həm də Ermənistandakı dərin siyasi böhran təsir edib”.
Qazaxıstan Baş nazirinin müavini deyib ki, dostluq və qardaşlıq əlaqələrinin əsası Ulu Öndər Heydər Əliyev və Qazaxıstanın Birinci Prezidenti - Elbası Nursultan Nazarbayev tərəfindən qoyulub, hazırda bu siyasət Azərbaycan və Qazaxıstanın dövlət başçıları İlham Əliyev və Kasım-Jomart Tokayev tərəfindən uğurla davam etdirilir: “Qazaxıstan strateji tərəfdaşlıq barədə sənədə yüksək qiymət verir”.
Muxtar Tleuberdı Azərbaycana məxsus ərazilərin geri qaytarılması münasibəti ilə Azərbaycanı təbrik edib, şəhidlərə rəhmət diləyib.
Qonaq Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli razılaşmaların yerinə yetiriləcəyinə ümidvar olduqlarını vurğulayıb.
Ermənistanın qərarı
Brifinqdə Ermənistanda keçirilən parlament seçkisinə də toxunulub.
“Dünən Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib, hökumətin formalaşması gözlənilir. İnanırıq ki, Ermənistan hakimiyyəti böhranın səbəbini təhlil edərək düzgün nəticə çıxaracaq”, - Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, bir çoxları böhrana səbəb kimi müharibədəki məğlubiyyəti göstərirlər:
“Dərin böhrana Ermənistanın onilliklər ərzində beynəlxalq hüququ pozaraq dövlətlərin tanınmış sərhədlərini güc yolu dəyişdirməsi, təcavüz siyasətini həyata keçirməsi səbəb olub”.
XİN başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, sərhədlərin, ərazi bütövlüyünün pozulmaması əsasında münasibətlərin bərpasına tərəfdardır.
“Ermənistanın bu sahədəki qərarı öz seçimidir”, - deyə nazir vurğulayıb.
Qafqaz və Xəzər regionunda Qazaxıstanın əsas ticarət tərəfdaşı
“Azərbaycan bu gün beynəlxalq enerji təhlükəsizliyinin əsas oyunçusuna çevrilib”, - deyən Muxtar Tleuberdı qeyd edib ki, Qazaxıstanda Azərbaycanın modernləşmə yolu ilə inkişafına sevinirlər.
Çoxtərəfli formatda BMT, ATƏT, MDB, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanla əməkdaşlıq etdiklərini vurğulayan M. Tleuberdının sözlərinə görə, Azərbaycan Qafqaz və Xəzər regionunda Qazaxıstanın əsas ticarət tərəfdaşıdır:
“Təəssüf ki, pandemiya və karantin məhdudiyyətləri fonunda ticarət mübadiləmiz 2020-ci ildə 38 faiz azalaraq, 142 milyon dollaradək düşüb. Biz ticarət dövriyyəsinin artması üçün işlərin görülməsinə, habelə qısa müddətdə Azərbaycan və Qazaxıstan arasında aviaəlaqələrin bərpasına və COVID-19 pasportunun qarşılıqlı tanınmasına hazırıq”.
Qazaxıstan Baş nazirinin müavini onu da deyib ki, xalqlar arasında mədəni əlaqələrin inkişafını dəstəkləyirlər: “Abay Kunanbayulının yubileyinin keçirilməsində dəstəyə görə Azərbaycana təşəkkür edirik. Bu il Qazaxıstanda Nizami Gəncəvinin 880 illik yubileyi keçiriləcək”.
O, Qazaxıstanda 120 min azərbaycanlının yaşadığını da açıqlayıb.
M. Tleuberdı vurğulayıb ki, bu gün iki ölkə arasında əhatəli tərəfdaşlıq münasibətləri qurulub.
Qazaxıstan XİN rəhbərinin Azərbaycana səfəri
Qeyd edək ki, Qazaxıstan Respublikasının xarici işlər naziri Muxtar Tleuberdı iyunun 20-də Azərbaycana səfərə gəlib.
O, səfər çərçivəsində Azərbaycanın Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Gələn il ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağını diqqətə alaraq, nazir Tleuberdi azərbaycanlı həmkarını Qazaxıstana rəsmi səfərə dəvət edib. Ceyhun Bayramov həmkarının dəvətini məmnunluqla qəbul edib.
Qeyd edək ki, Qazaxıstan XİN başçısı iyunun 20-də Bakı Olimpiya Stadionunda Türkiyə və İsveçrə arasında AVRO-2020 çərçivəsində baş tutmuş futbol matçını izləyib.
Eləcə də oxuyun:
-
Prezident İlham Əliyevlə Qazaxıstan XİN rəhbəri nələri müzakirə etdilər
-
Qazaxıstanın XİN rəhbəri Azərbaycanın səfiri ilə görüşdü