14:08 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
SİYASƏT
Qısa URL
2068

Deputat Razi Nurullayev parlamentin iclasında məmurların talançılığına, özbaşınalığına, rüşvət və korrupsiyaya bulaşmağına etiraz edib.

BAKI, 8 iyun — Sputnik. "Ürəyim yanır, danışıram. İstisnalar olmaqla sahə göstərilsin ki, orada rüşvət, özbaşınalıq və libasını dəyişmiş korrupsiya yoxdur. Desinlər görək harada büdcə talançılığı yoxdur, oğurluq etmirlər, vəzifələrini isə qanunda yazılan kimi edirlər? Qoy mətbuatda çıxış edib desinlər ki, mən siz deyən kimi deyiləm, əmək haqqımla dolanıram, sərvətim aylıq maaşımla formalaşıb. Qoy mən də öyrənim onu, qoy vətəndaşlar da öyrənsin ki, maaşla məmur necə milyoner olur, min, on min, yüz min hektarlarla torpaq sahəsinin sahibi necə olur, meşələri, dənizi hasarlayır, əmək haqqı ilə onlarla, yüzlərlə mülk, zavod, fabrik sahibi olur, maaşla xaricdə adaları necə alır axı? Bu ölkənin əksəriyyət vətəndaşı bu qədər sərvət istəmir, normal və ədalətli həyat istəyir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Razi Nurullayev deyib.

O bildirib ki, deputatlar da çılpaq həqiqətləri deməlidir.

"Biznes imtiyazla, iş imtiyazla, vəzifəyə təyin etdirmə kimlərinsə monopoliyasında, hara əl atsan, hamısı tutulub, qalanları ac qalmamaq, ölməmək üçün yaşamalıdır. Bu ölkəni talayanların, bu ölkənin varidatını oğurlayanların, bu ölkədə qeyri-qanuni yollarla varlananların bu dövlətin qurulmasında ya rolu yoxdur, ya da azdır. Bu qurulan dövlətin saxlanılmasında bizim və sizin kimi əli qabarlı, alnı tərli, ömrünü qorxu-hürkü içində keçirənlərin, gözünü açandan məşəqqətlər içində və məvacib ilə yaşayanların, dövləti və dövlətçiliyi qoruyanların rolu və haqqı var".

Deputat əlavə edib ki, oğurluq, yalançılıq, şişirdilmiş tərif, layiq olmayan adamın qabağında əyilmək, yaltaqlıq cəmiyyəti inkişaf etməyə qoymur.

"Biz dövlət qurmamışıq ki, onu bu şəkildə talan etsinlər. Vəzifə daşıyanların xeyli hissəsinin heç bir haqqı yoxdur, amma özlərini elə aparırlar və elə dağıdıb yeyirlər ki, elə bil bu dövləti onlar qurub və şəxsi məqsədlər üçün. Xeyr, bu dövləti quranların çoxu nimdaş kostyumda və möhtac yaşayır. Biz Ermənistanla müharibəni qazandıq, indi daxildə müharibə elan etmək və normal cəmiyyət quruculuğuna mane olanları cəzalandırmaq zamanıdır", - deyə o, əlavə edib.

Əsas mövzular