BAKI, 21 may — Sputnik. Ermənistan Prezidenti Armen Sarkisyan və Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan bu ölkənin Azərbaycanla sərhədindəki vəziyyəti müzakirə edib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumatı Ermənistan Prezidentinin mətbuat xidməti yayıb.
Bildirilir ki, görüş Ermənistan Prezidentinin təşəbbüsü ilə baş tutub.
Qeyd olunur ki, tərəflər hazırkı vəziyyəti və gələcəkdə belə halların baş verməməsi üçün imkanları müzakirə edib.
Sarkisyan və Paşinyan delimitasiya və demarkasiya işlərinin başlaması üçün ilkin şərtlərə dair fikir mübadiləsi aparıb. Vurğulanıb ki, yalnız onlar yerinə yetiriləcəyi təqdirdə müvafiq müzakirələr üçün lazımı şərtlər yaradılacaq.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.