Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 11 may - Sputnik. "Bu gün biz Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ilin noyabrın 10-da və 2021-ci ilin yanvarında imzalanan üçtərəfli bəyanatını və sazişin imzalanmasını müzakirə etdik. Azərbaycan tərəfi hesab edir ki, bu razılaşma Cənubi Qafqazda münasibətlərin normalaşmasına təkan verəcək. Azərbaycan üçtərəfli bəyanat çərçivəsində öz öhdəliklərini tam şəkildə yerinə yetirir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Bakıda keçirilən görüşün yekunlarına dair birgə mətbuat konfransında bildirib.
"Çox təəssüflər olsun ki, biz əksər hallarda Ermənistan tərəfindən konstruktiv yanaşmalar görmürük. Bu cür addımlar üçtərəfli bəyanatın şərtlərinin yerinə yetirilməsinə mane olur. Müharibənin bitməsinə baxmayaraq, 20-dən çox azərbaycanlı mina partlaması nəticəsində həlak olub. Bunların içərisində Rusiya sülhməramlı qüvvələrinin hərbçiləri də var", - deyə Bayramob əlavə edib.
Azərbaycan XİN başçısı Ermənistandakı revanşist çıxışlara da toxunub: "Ermənistanda revanşist çıxışlar gündəmə gəlir. Biz bu tendensiyanı təhlükəli hesab edir və bunu diqqətlə izləyirik. Biz hazırkı səhifəni çevirməyə hazırıq."
Bayramov qeyd edib ki, Azərbaycan əldə edilmiş razılaşmalar çərçivəsində öz öhdəliklərinə ciddi şəkildə əməl edir və onları yerinə yetirir:
"Ölkə çox sayda birtərəfli addımlar atıb, xüsusən də humanitar yüklərin Azərbaycan ərazisindən keçməsinə icazə verib. Azərbaycan hərbçilərinin iştirakı ilə cəsəd və qalıqların axtarışı təşkil edilib və təxminən 1 600 cəsəd Ermənistan tərəfinə təhvil verilib".
Azərbaycanın xarici işlər naziri Rusiyanın rolunu və fəaliyyətini, eləcə də Rusiya-Türkiyə monitorinq mərkəzinin birgə fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.
Bayramov Ermənistan tərəfinin sülh prosesini pozmağa davam etdiyini vurğulayaraq deyib:
"Onların mövqeyi bölgədəki vəziyyətin normallaşmasına xidmət etmir. 2020-ci ilin sonunda Ermənistan hərbçilərinin Azərbaycan ərazisinə soxularaq hərbçiləri və mülki şəxsləri öldürməsi əldə olunmuş razılaşmaların kobud şəkildə pozulması faktıdır. Ermənistan Azərbaycan ərazilərində müharibə cinayətlərini davam etdirir".
C.Bayramov xatırladıb ki, erməni tərəfi hələ də minalanmış ərazilərin xəritələrini təqdim etmir və eyni zamanda birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlı barədə məlumat verməkdən imtina edir.