13:44 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
SİYASƏT
Qısa URL
3820

"Bəli, mən prezidentəm və öz öhdəliklərimi yerinə yetirməliyəm. Lakin biz hamımız insanıq, hisslərimiz var. Biz onları gizlədə, onları idarə edə bilərik. Bəzən bu çox çətindir".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Təbii ki, azərbaycanlıların və ermənilərin gələcəkdə necə qarşılıqlı əlaqədə olacağını təxmin etmək çətindir. Düşünürəm ki, bu, böyük ölçüdə siyasətçilərin iradəsindən və siyasi müdrikliyindən asılı olacaq. Düşünürəm ki, burada, həm də Yerevanda körpülər qurmaq üçün daha aktiv olmalıyıq. Təbii ki, əgər bunu Ermənistan istəyirsə. Biz onların niyyətlərini bilmirik. Onlar bunu heç vaxt açıqlamayıblar. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışında deyib.

"Mən artıq bir neçə dəfə demişəm ki, biz müharibə səhifəsinin bağlandığını düşünürük. Mən artıq bir neçə dəfə demişəm ki, biz artıq Ermənistanla mümkün sülh razılaşması ilə bağlı da danışa bilərik. Bu bizim planlarımızdır. Lakin biz Ermənistan tərəfindən belə bir mesajlar görmürük.

Ermənistan Baş naziri susub. Ermənistan xarici işlər naziri isə aqressivdir. Ermənistan Azərbaycanla aqressiv davranmağa cəhd etmək durumunda deyil. Müharibə zamanı baş verənləri xatırlamalıdırlar. Erməni müxalifəti əslində isteriyadadır. Hazırda Azərbaycanafobiya və türkofobiya yeganə amilə çevrilib. Bu onlarda həmişə ən önəmli faktorlardan biri olub. Onların seçki kampaniyalarını Azərbaycanafobiya və türkofobiya, revanşizm hissi üzərində quracaqlarına əminəm.

Buna görə bu qarşılıqlı əlaqəni birtərəfli qura bilmərik. Mövqeyimiz aydındır. Biz buna hazırıq. Bu asan olmayacaq. Ağdama və digər işğaldan azad olunan ərazilərə qayıdacaq sabiq məcburi köçkünlər ermənilərin onların torpaqlarına, onların yaxınların məzarlarına, dini abidələrə nə etdiklərini görəcəklər. Onlar nə hiss edəcəklər? Mən bunu təxmin edə bilərəm. Bilirsiniz, mən müharibə zamanı təmas xəttini keçəndə və ya Ağdama binokl vasitəsi ilə baxanda və işğaldan azad olunan ərazilərə səfər edəndə eyni şeyi hiss etdim. Bəli, mən prezidentəm və öz öhdəliklərimi yerinə yetirməliyəm. Lakin biz hamımız insanıq, hisslərimiz var. Biz onları gizlədə, onları idarə edə bilərik. Lakin bəzən bu çox çətindir. Mən Azərbaycanlı qaçqınların hansı hissləri keçirəcəyini proqnozlaşdıra bilmərəm. Lakin gələcəyə baxan bir insan kimi, əgər Ermənistan tərəfi müsbət siqnallar verərsə, biz bu əlaqələri qurmaq üçün hər şeyi edəcəyik", -  Azərbaycan Prezidenti əlavə edib.

Əsas mövzular