Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Siyasi partiyalar dövlət vəsaitini hara sərf edir? – partiya rəsmiləri açıqlayır

Abunə olmaq
“Siyasi Partiyalar haqqında” qanuna uyğun olaraq dövlət büdcəsindən vəsaitin ayrılması yolu ilə siyasi partiyalara maliyyə yardımı göstərilir.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 22 yanvar — Sputnik. Yeni Azərbaycan Partiyası (YAP) 2020-ci ilə dair gəlirləri və xərclərini açıqlayıb. Ötən il YAP-ın gəlirləri 12 288 708 manat olub. Qeyd edək ki, “Siyasi Partiyalar haqqında” qanuna uyğun olaraq dövlət büdcəsindən vəsaitin ayrılması yolu ilə siyasi partiyalara maliyyə yardımı göstərilir.

Bəs dövlət büdcəsindən maliyyələşən partiyalar hesabatlılığa nə qədər önəm verir və vəsaitlər nəyə xərclənir? Sputnik Azərbaycan mövzu ilə bağlı bir neçə partiya rəsmisinin fikirlərini öyrənib.

Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib ki, təmsil olunduğu partiya “Siyasi Partiyalar haqqında” qanunun tələblərinə uyğun olaraq hər ilin yekununda maliyyə hesabatını açıqlayır.

O bildirib ki, YAP-ın fəaliyyəti tamamilə şəffafdır:

“Yığılan üzvlük haqları və qəbul edilən vəsaitlər partiyanın saxlanmasına, müxtəlif tədbirlərin keçirilməsinə, eyni zamanda vaxtaşırı təşkil edilən humanitar fəaliyyətlərə sərf olunur. Partiyamızın rəhbəri ölkə başçısıdır və onun fəaliyyətindəki şəffaflıq rəhbərlik etdiyi partiyanın fəaliyyətində də özünü göstərir. YAP ölkəmiz üçün aktual olan bütün məsələlərlə bağlı prinsipial mövqeyini ortaya qoyur. Dövlət quruculuğu, seçkilər və cəmiyyətin maarifləndirilməsində öz üzərinə düşən vəzifələri yerinə yetirir”.

Hazırkı parlamentdə YAP-dan sonra ən çox millət vəkili ilə təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə deyib ki, rəhbərlik etdiyi partiya əsasən dövlət büdcəsi hesabına maliyyələşir və əlavə gəlir mənbəyi yoxdur. O bildirib ki, ayrılan vəsait partiyanın icra aparatının saxlanmasına sərf edilir. Sədr qeyd edib ki, partiya yarananda üzvlük haqqı toplamaq ənənəsi olmayıb və indi də yoxdur: “Partiyamızın böyük gəlirləri yoxdur. Bununla belə büdcədən ayrılan vəsaitin hesabına müəyyən humanitar aksiyalarda iştirak edirik. Ehtiyac olsa, partiyamız gəlirlər və xərclərlə bağlı hesabatı açıqlaya bilər”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib ki, sədrlik etdiyi partiyanın hesabatı yaxın müddətdə hazırlanıb, təqdim ediləcək: “Partiyaların hesabatlı olmasına müsbət yanaşırıq. Bizim partiyamız ilkin hesabat təqdim edən partiyalardandır və bununla bağlı hər hansı problem yoxdur”. Vəsaitin yetərliliyi haqqında sualımıza cavabında partiya sədri bildirib ki, dövlət tərəfindən ayrılan vəsait yetərincədir və onu da partiyanın inkişafı üçün sərf edirlər.

“Eyni zamanda partiyamızda üzvlük haqları toplanır ki, bu da partiyamız üçün kifayət edir”, – deyə partiya sədri qeyd edib.

Xəbər lenti
0