16:00 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
İlham Əliyevin Çin səfəri

Azərbaycan Çin mallarını Avropaya çatdıran ən qısa yol ola bilər

Azərtac
SİYASƏT
Qısa URL
1010

İlham Əliyev: Azərbaycan texnoparkların yaradılmasında, informasiya-kommunikasiya texnologiyaları sahəsində Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

BAKI, 10 dek-Sputnik. Azərbaycan prezidenti İlham Əliyevin Çin Xalq Respublikası Dövlət Şurasının baş naziri Li Keçyanla görüşü olub.

Sputnik Azərtac-a istinadən xəbər verir ki, Keçyan Azərbaycan prezidentini Çində görməkdən məmnun olduğunu deyib. O, ölkələrimiz arasında diplomatik münasibətlər yaranandan ikitərəfli əlaqələrimizin inkişaf etdiyini və bu səfərin də əməkdaşlığın genişlənməsinə yeni təkan verəcəyini vurğulayıb. Çin Dövlət Şurasının baş naziri Çin şirkətlərinin əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri, böyük enerji potensialı olan Azərbaycanda infrastruktur, istehsal, energetika, dəmir yolu və texnoparkların yaradılması sahələrində yaxından iştirak etməkdə maraqlı olduqlarını bildirib. O, ölkəsinin Azərbaycanın təbii sərvətlərinin işlənilməsində, neft-qaz emalı sahəsində yaxından iştirak edə biləcəyini diqqətə çatdırıb. L. Keçyan humanitar, təhsil, informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin mümkünlüyünü qeyd edib.

Prezident İlham Əliyev isə əmin olduğunu bildirib ki, Çinə dövlət səfərinin nəticələri ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq. Azərbaycanın Çinlə əməkdaşlığa böyük önəm verdiyini deyən dövlət başçısı ölkələrimiz arasında fəal siyasi əlaqələrin olduğunu, beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

Azərbaycanın Çinlə bütün istiqamətlərdə əlaqələri inkişaf etdirmək niyyətində olduğunu deyən prezident İlham Əliyev iqtisadi sahədə də əməkdaşlıq üçün yaxşı potensialın olduğunu vurğulayıb, Çin şirkətlərini investor və podratçı qismində Azərbaycanda fəaliyyət göstərməyə dəvət edib. Dövlət başçısı Azərbaycanın sənaye istehsalında, texnoparkların yaradılmasında, informasiya-kommunikasiya texnologiyaları sahəsində Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinin irəli sürdüyü qədim İpək Yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb. Dövlət başçısı Azərbaycanın da qədim İpək Yolu üzərində yerləşdiyini deyib, Çin mallarının ölkəmizdən Türkiyəyə, oradan da Avropaya çıxarılmasında respublikamızın əlverişli coğrafi mövqeyə, infrastruktur imkanlarına malik olduğunu bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycandan keçəcək yol Çin mallarının Avropaya çatdırıla biləcəyi ən qısa yol ola bilər: "Bu sahədə Azərbaycan öz töhfəsini verməyə hazırdır. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub tranzit dəhlizi layihələrində mühüm rol oynaya bilər və artıq bu sahədə konkret addımlar atır".

Prezident İlham Əliyev ölkəmizdə nəqliyyat infrastrukturuna fəal şəkildə investisiya yatırıldığını, bunun həm də qonşularımız və tərəfdaşlarımız üçün faydalı olacağını qeyd edib. Dövlət başçısı informasiya-kommunikasiya texnologiyaları, investisiya qoyuluşu, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirib.

Siyasi sahədə də əlaqələrimizin uğurla inkişaf etdiyini deyən prezident İlham Əliyev mühüm məsələlərdə ölkələrimizin mövqelərinin üst-üstə düşdüyünü, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına "Dialoq üzrə tərəfdaş" statusunda qoşulduğunu vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritet sahələrindən biridir. Bundan əlavə, ölkələrimiz BMT-də və digər beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edir.

Teqlər:
Si Cinpi, Çin Xalq Respublikası, Avropa, layihə, Şimal-Cənub tranzit dəhlizi, Şimal-Cənub, Şərq-Qərb, Şanxay Əməkdaşlıq Təşkilatı, Şanxay, Pekin, Li Keçyan, İlham Əliyev, Çin

Əsas mövzular