07:43 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
© Sputnik / Murad Orujov
Şuşada Xurşidbanu Natəvanın evi.

Qarabağın incisi hesab olunan Şuşa şəhəri bir sıra görkəmli şəxsiyyətlər yetişdirib ki, onlardan biri də xan qızı Natəvandır. Lirik şeirlər müəllifi olan Xurşidbanunun evi Şuşa şəhərinin ən maraqlı tikililərindən biri hesab olunurdu.

Şuşa – Qarabağın qəlbi, Azərbaycan mədəniyyətinin beşiyidir. Bu şəhərin görkəmli şəxsiyyətlərindən biri də Azərbaycan şairəsi və ictimai xadimi, Qarabağın sonuncu hökmdarı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvan olub. Natəvan bütün Qarabağ mahalında xan qızı kimi tanınıb.

Natəvanın evi şəhərin ən gözəl binalarından biri hesab olunub və tikililər içində xüsusilə seçilib. Zərif tərtibatı ilə fərqlənən evin daxili divarları oyma naxışlarla işlənib.

Binanın ən qəşəng məkanı isə hər iki tərəfdən rəngbərəng şüşələrdən ibarət pəncərələr - şəbəkə ilə işıqlandırılan qonaq otağıdır. Tavanın hündürlüyü 5 metrə çatır. Bu tikili Şuşa qalası yaxınlığındakı təpədə tikilmiş bütöv bir kompleks olub. Vaxtilə bu evdə dövrün ən tanınmış ziyalıları ədəbi-bədii müzakirələr aparıb, söhbətlər ediblər.

1930-cu illərin əvvəllərində bu binada Azərbaycan vokal sənətinin yaradıcısı olan Bülbülün təşəbbüsü ilə Şuşa uşaq musiqi məktəbi yerləşirdi. Sonralar, 1987-ci ildə tam bərpa və təmirdən çıxmış binada Azərbaycan Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin Qarabağ filialı fəaliyyətə başladı.

Bundan sonra baş verənlər isə heç bir məntiqə sığmır. 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal olunandan sonra Natəvanın evi sistematik şəkildə dağıdılıb.

Nəticədə bir vaxtlar Şuşanın ən göz oxşayan tikililərindən biri olan xan qızının sarayından indi yalnız yarıuçuq divarlar qalıb.

Digər fotolentlər

Əsas mövzular