Hər il olduğu kimi, Ümumxalq Hüzn günündə minlərlə insan səhər saatlarından Şəhidlər Xiyabanında gedərək, günahsız qurbanların məzarlarına güllər qoyub. İnsanlar şəhidlərin xatirəsini yad etmək üçün onların məzarlarının qarşısında dayanıblar. Bu gün ümummilli faciə günü olmaqla yanaşı, həm də insanları birləşdirib. Kədər ilə yanaşı, insanlar Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olanlarla qürur duyurlar.
Hər il olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər.
Bu il Şəhidlər Xiyabanında hərbi formada olan insanların sayı ötən illərlə müqayisədə daha çox olub. Şəhidlərin xatirəsini Vətən müharibəsinin iştirakçıları da yad etməyə gəliblər.
Bakı vaxtı ilə saat 12:00-da Azərbaycan bir dəqiqəlik sükuta qərq olub. Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciənin 31-ci ildönümündə bütün ölkə o məşum gecədə qətlə yetirilmiş günahsız insanların xatirəsini 1 dəqiqəlik sükutla yad edib. Gəmilər fit verib, avtomobillər hərəkəti dayandırıb, hamı şəhidlərə ehtiramını nümayiş etdirib.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.