Yəqin ki, Karl Faberjenin şərəfinə "Faberje yumurtaları" adlandırılan orijinal zərgərlik məmulatı barədə eşitməyən yoxdur. Lakin yumurtalardan başqa, Faberje zərgərlik evi bir çox digər maraqlı məmulatlar da hazırlayıb. Onların arasında portsiqarlar, qablar, külqabılar, telefonlar, tibbi şprislər və samovarlar da var.
Faberjenin hazırladığı məmulatlara hər zaman Böyük Britaniyanın, Almaniyanın, İtaliyanın, İsveçrənin, Niderlandın, Yunanıstanın, Bolqarıstanın imperator və kral ailələrində tələbat olub. Onun adı isə dəbdəbə, ehtişam sözləri ilə sinonim təşkil edib.
"Faberje üslubunun unikal ekspozisiyası. Zamanın fövqündəki mükəmməllik" sərgisində 400-dən artıq eksponat nümayiş olunur. O eksponatların əksəriyyəti əvvəllər heç yerdə nümayiş etdirilməyib. Bu ekspozisiya Baden-Badendəki Faberje muzeyinin, Ermitajın, "Peterqof" muzey-qoruğunun, Dövlət Tarix Muzeyinin, Ümumrusiya dekorativ-tətbiqi və xalq sənəti muzeyinin, eləcə də Rusiya milli muzeyinin kolleksiyalarından toplanıb. Sərgidə nümayiş etdirilən nadir eksponatların şəkilləri ilə Sputnik Azərbaycan-ın fotolentində tanış ola bilərsiz.