06:11 25 Noyabr 2017
Canlı yayım
FOTO

Azərbaycanda ilanların mühafizə etdiyi qəbir kimindir

Qısa URL
276741
  • Cərcis Peyğəmbər ziyarətgahı
  • Cərcis Peyğəmbər ziyarətgahı
  • Cərcis Peyğəmbər ziyarətgahı
  • Cərcis Peyğəmbər ziyarətgahı
  • Cərcis Peyğəmbər ziyarətgahı
  • Cərcis Peyğəmbər ziyarətgahı
  • Cərcis Peyğəmbər ziyarətgahı
  • Cərcis Peyğəmbər ziyarətgahı
  • Cərcis Peyğəmbər ziyarətgahı
  • Cərcis Peyğəmbər ziyarətgahı
  • Cərcis Peyğəmbər ziyarətgahı
  • Cərcis Peyğəmbər ziyarətgahı
© Sputnik / Leyla Abdullayeva
"Cərcis Peyğəmbər" ziyarətgahı

Ziyarətgahın baş nəzarətçisi: "Elşad Mirinin fikirləri axmaq və sərsəmdir"

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 9 noyabr — Sputnik. İnanclı insanların and yeri olan bu ziyarətgah, həm də ölkəmizin dini və tarixi abidəsidir. Bu, Beyləqan rayonunun mərkəzindən 3-4 km şimal-şərqdə, Şəfəq qəsəbəsi ərazisində yerləşən "Cərcis Peyğəmbər" ziyarətgahıdır. Bu gün nəinki Azərbaycanın bölgələrindən, hətta başqa ölkədən də bura gələnlər olur. Haqqında bir çox rəvayətlər dolaşan bu ziyarətgah, uzun illərdir əhali arasında öz hörmətini qoruyub saxlayır. Ziyarətgah tarixi abidə kimi Mədəniyyət və Turizm Nazirliyinin, dini abidə olaraq Qafqaz Müsəlmanları İdarəsinin, icma olaraq isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeçiliyindədir.

Hal-hazırda təmirdə olmasına baxmayaraq, ziyarətgahda kifayət qədər zəvvaralara rast gəlmək mümkündür.

Ziyarətgahın baş nəzarətçisi Hacı Vidadi Mürsəlov Cərcis peyğəmbər və onun adı ilə bağlı olan ziyarətgah haqqında Sputnik Azərbaycan-ın əməkdaşının suallarını cavablandırıb.

— Cərcis peyğəmbər kim olub və necə olub ki, bura onun adını daşıyan ziyarətgaha çevrilib?

— Ziyarətgah yaşadığı dövr mübahisəli olan Cərcis peyğəmbərin adı ilə bağlıdır. Tarixi mənbələrdə Cərcis peyğəmbərin əslən fələstinli olması və təxminən 77 il ömür sürməsi göstərilir. Özündən öncəki, peyğəmbərlər kimi Cərcis peyğəmbərin də tövhidi (təktanrılığı) təbliğ etdiyi bildirilir. Onun adı yunan mənbələrində "Corcios" kimi göstərilir. Lakin bir çox dini rəvayətlərdə "Cərcis" sözünün farscadan "Cahan cur", yəni dörd dəfə ölüb-dirilən mənasına gəldiyi bildirilir. Fələstindən Mosula köçən peyğəmbər camaatı bütlərə yox, allaha inanmağa inandırır. Mosulun bütə inanan padşahı isə bunu qəbul etmir və onu işgənclərə məruz qoyur. Peyğəmbərin ətini dəmir daraqla qoparırlar, qaynar yağın içinə atırlar, odda yandırır, başına mismar vururlar. Amma hər dəfə Allah-təala Həzrət Cərcisi (ə) sağ-salamat saxlayır. Müəyyən müddətdən sonra peyğəmbər Qafqaza üz tutur və gəlib qədim Beyləqanda yaşayır. 77 yaşında burada rəhmətə gedir. Artıq bu torpağın sakinləri onun qəbirini ziyarət yeri edirlər. Zaman-zaman Cərcis peyğəmbərin qəbri üzərində türbələr tikiblər. Lakin təbii fəlakətlər, yadellilərin Azərbaycana hücumu zamanı onlar dağıdılıb. 

Hazırda olan bu türbəni bünövrəsini isə 1902-ci ildə yerli camaatdan olan Hacı Qurban öz maliyyə hesabına qoydurub. Sonradan bu işi oğlu Hacı Qulu davam etdirərək tam tikdirib başa çatdırıb. Bu yerlər susuz səhralar olub. Tikintidə su əvəzinə heyvanların südündən istifadə olunub. Türbənin memarı Təbriz şəhərindən olan usta Həsən olub. Türbə səkkiz guşədən ibarətdir. Divarının qalınlığı 2, içərisinin eni 11, hündürlüyü isə 12 metrdir. Türbənin mərkəz hissəsində 9 m uzunluğunda olan zəncir asılıb. Uzun müddət türbənin çöl fasad rəngi sarı olduğu üçün el arasında "Sarı peyğəmbər" kimi məşhurlaşıb.

— Mərkəzdə "zəncir"in asılma səbəbi nədir?

— Zəncirlə bağlı müxtəlif məlumatlar verilir. Bu ərazilər susuz səhra olduğundan quyular qazıb su çıxarıblar. Deyilənə görə, Həzrət Cərcis (ə) bu zəncirlə quyudan su çıxarıb. Digər bir mənbədə bildirilir ki, türbənin tikintisi zaman tarazlığı qorumaq üçün bu zəncirdən istifadə olunub. Başqa bir məlumatda isə zəncirin içərini işıqlandırmaq məqsədilə çırağın asılması üçün olduğu bildirilir.

Lakin ora niyyət tutub, kişilər papaq, qadınlar isə dəsmal atır. Papaq və ya dəsmal atılan zaman zəncir yellənməyə başlayır. Əgər papaq və ya dəsmal zəncir yellənən zaman düşməsə niyyətinin qəbul olunduğunu, düşərsə səbr etməli olduğunu bildirir. Bu ənənənə uzun illərdir ki, davam edir. Onun hər hansı dinlə, ya da peyğəmbərlə əlaqəsi yoxdur. Sadəcə camaatın inancına görə belədir. Bu gün də ziyarətə gələn insanlar sözügedən ritualı yerinə yetirirlər. Biz heç kimə deyə bilmərik ki, bunu etmə, çünki hər kəsin öz fikri var.

— Deyilənə görə ziyarətgahı ilanlar "qoruyur". Bu nə dərəcədə doğrudur?

— Bəli belə bir inanc formalaşıb. SSRİ dövründə məscidlər, mədrəsələr, eləcə də bu tip ziyarətgahlar sökülür və ya anbar kimi istifadəyə verilirdi. O vaxtkı rəhbərlik buranın sökülməsi üçün bir qrup adam göndərir. Qrupun rəhbəri olan rus zabitini ilan sancıb öldürür. Bundan sonra da öz əməllərini gerçəkləşdirməkdə israrlı olan rəhbərlik dəfələrlə buranı sökmək istəyib, amma ilanlar onlara imkan verməyib. Əlacsız qalan rəhbərlik insanların bura gəlişinin qarşısını almağa başlayıb. 

— "Cərcis Peyğəmbər"in ziyarətgahı haqqında müxtəlif fikirlər səslənir. Onlardan biri də onun burada həqiqi məzarının olmamasıdır. Bu haqda nə deyə bilərsiniz?

— Bu ziyarətgah nə qədər var, o qədər də söz-söhbətlər olacaq. Bu gün Azərbaycanda özünü ilahiyyatçı kimi təqdim edən bəzi şəxslər var ki, onlar din haqqında heç nə bilmir. Son zamanlar sosial şəbəkələrdə Elşad Miri adlı biri bu ziyarətgah haqqında yazılar paylaşmışdı ki, "ora rus zabitinin məzarıdır, peyğəmbər məzarı yoxdur və sair. Camaat savadsızlıq edir, ora inanır". Bu şəxs inanclı insanların hissləri ilə oynayır. Elə şəxslərin fikirlərinə görə kimsə inancından dönən deyil. Bu tip insanlar həyatda özlərini təsdiq edə bilməyəndə, bu cür vasitələrlə gündəmə gəlmək istəyirlər. Elşad Mirini şəxsən tanımasam da, sizin vasitənizlə demək istəyirəm ki, onun fikirləri axmaq və sərsəm fikirlərdir. Yəqin o tip insanlar Azərbaycanda dini çaxnaşma yaratmaq istəyirlər. Amma istəklərinə çatmayacaqlar.

Əlaqədar

QMİ: Ümrə ziyarətinə görə Səudiyyə Ərəbistanı ilə hələ ki, müqavilə imzalanmayıb
“İmamzadə” Ziyarətgahında nə baş verib - Rəsmi
"Əli qədəmgahı" ziyarətgahı niyə ləğv edildi - Komitədən açıqlama
Həcc ziyarətində mühüm yeniliklər tətbiq olunub
Teqlər:
"Cərcis Peyğəmbər" ziyarətgahı, Qafqaz Müsəlmanları İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Hacı Vidadi Mürsəlov, Elşad Miri, Fələstin, Mosul, Azərbaycan, Beyləqan rayonu, Şəfəq qəsəbəsi

Digər fotolentlər

Əsas mövzular