Yüzlərlə həmvətənimiz BMT-nin önündə toplaşdı, "Qarabağ şikəstəsi" Nyu-Yorku bürüdü

© Photo : AZƏRTACAksiya
Aksiya - Sputnik Azərbaycan, 1920, 26.09.2021
Abunə olmaq
Aksiyada Azərbaycanın dövlət himni səsləndirilib, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsinin şəhidləri bir dəqiqəlik sükutla yad edilib.
BAKI, 26 sentyabr - Sputnik. ABŞ-ın Nyu-York ştatında yaşayan soydaşlarımız Manhetten adasında, BMT-nin Baş Qərargahı qarşısında “Azad olunmuş əraziləri minalardan azad et” tələbi ilə etiraz aksiyası keçiriblər.
Sputnik Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, əllərində Azərbaycan bayraqları, Qarabağ həqiqətlərinin əks olunduğu plakatlar və qərənfillər olan yüzlərlə həmvətənimiz BMT-nin önündə toplaşıb.
Aksiyada Azərbaycanın dövlət himni səsləndirilib, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsinin şəhidləri bir dəqiqəlik sükutla yad edilib.
Aksiyaçılar “Şəhidlər ölməz!”, “Şəhidlər heç vaxt unudulmur!”, “Anım Günü!”, “Biz 27 sentyabr Vətən müharibəsi şəhidlərini hörmət və ehtiramla anırıq!”, "Azərbaycana ədalət!", "Qarabağ Azərbaycandır!", “Vətən var olsun”, “Ermənistanın Qarabağ ərazisini minalaması Azərbaycan jurnalistlərinin həyatına son qoydu”, “Bir ildən az müddətdə 160 mülki insan itkisi, 30 günahsız insan ölüb”, “Biz sülh istəyirik!” və sair şüarlar səsləndiriblər.
Aksiyada çıxış edən Azərbaycan Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli BMT-dən, qətnamələrə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atılmasını tələb etdiklərini diqqətə çatdırıb.
Azərbaycan, Türkiyə və ABŞ-ın dövlət bayraqlarının yanaşı dalğalandırıldığı dinc aksiyada Nyu-York icmasının üzvləri və gənclər çıxış edərək BMT-dən ədalət tələb etdiklərini vurğulayıb, dünya birliyini Ermənistanın haqsız və ədalətsiz mövqe tutan lobbiçilərini dəstəkləməməyə, dövlətlərin ərazi bütövlüyünün müdafiəsinə qalxmağa, separatçı, qondarma rejimlərin hərbi cinayətlərinə şərik olmamağa çağırıblar.
Həmin ərazilərdə ermənilərin basdırdığı minaların partlaması nəticəsində bu günə qədər yüzlərlə günahsız insanın faciəvi şəkildə həyatlarını itirdiyini vurğulayan natiqlər ABŞ ictimaiyyətini Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlər - Məhərrəm İbrahimov və Sirac Abışov haqqında məlumatlandırıblar. 
Çıxışlarda habelə beynəlxalq hüququn normalarını pozan Ermənistanın Azərbaycan torpaqlarında törətmiş olduğu cinayət əməllərindən danışılıb, beynəlxaq təşkilatdan ədalət tələb edilib. 
BMT-dən onun Azərbaycanla bağlı qətnamələrinə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımların atılması tələb olunub.
Ərazidən keçən diplomatlar və vətəndaşlar həmvətənlərimizə yaxınlaşaraq, baş verənlər haqqında məlumat alıblar.
Tədbirin sonunda Nyu-York Azərbaycan-Amerika Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlilin rəhbərlik etdiyi ansamblın ifasında həzin musiqilər, eləcə də "Qarabağ şikəstəsi" səsləndirilib.
ABŞ polisinin nəzarəti altında iki saat davam edən aksiya insidentsiz başa çatıb.
Xəbər lenti
0