Olimpiya uğursuzluğu: Çanaq məşqçilərin başında çatladı, indi millini yerli çalışdıracaq

© AFP 2024 / Getty Images/Patrick SmithДзюдо, фото из архива
Дзюдо, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.08.2021
Abunə olmaq
Avqustun 2-də Tokio Olimpiadasındakı uğursuz çıxışı əsas götürülərək millimizin məşqçilər heyəti bütünlüklə istefaya göndərilib.
BAKI, 10 avqust — Sputnik. Avqustun 10-da Azərbaycan Cüdo Federasiyasında vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi altında iclas keçirilib.
Sputnik Azərbaycan Apasport-a istinadla xəbər verir ki, iclasda cüdo üzrə kişilərdən ibarət milli komandaya yeni təyinatlar olub.
Pekin Olimpiadasının və açıq dünya çempionatının bürünc mükafatçısı Mövlud Mirəliyev cüdo millimizin baş məşqçisi, Elçin İsmayılov, Elxan Rəcəbli, Şümşad Bəhramov, İlham Məmmədov və Zaur Babayev isə onun köməkçiləri təyin olunub. Bundan sonra böyüklər və gənclərdən ibarət komandaların birlikdə məşq etməsi qərara alınıb. Yeni təyin olunan məşqçilər heyəti isə hər iki komandaya nəzarəti həyata keçirəcək.
Sadıq Sadıqov federasiya tərəfindən cüdo üzrə milli komandamızın Riodan Tokioya qədər dövrü əhatə edən müddət ərzində respublika və beynəlxalq səviyyəli təlim-məşq toplanışlarında iştirakının yüksək səviyyədə təmin olunduğunu qeyd edib. O, cüdoçularımızın bu dönəmdə keçirilən Avropa və dünya çempionatlarında, eləcə də "Böyük dəbilqə" və Qran-pri turnirlərində mübarizə apardıqlarını diqqətə çatdırıb. Vitse-prezident yeni məşqçilər heyətində yer alan mütəxəssislərin həm idmançı, həm də məşqçi kimi təcrübəyə malik olduqlarını vurğulayıb və bunun komandanın uğurlar qazanmasında önəmli rol oynayacağına inandığını bildirib. Qurum rəsmisi çıxışının sonunda yeni təyinat alan məşqçilər heyətini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar diləyib.
Sonda cüdo üzrə kişilərdən ibarət yığma komandanın yeni baş məşqçisi Mövlud Mirəliyev onlara göstərilən etimada görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib və milli komandamızın böyük uğurlara imza atacağına ümidvar olduğunu söyləyib. İclasda Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı və baş katibin müavini Elnur Əşrəfoğlu iştirak edib.
Qeyd edək ki, avqustun 2-də Tokio Olimpiadasındakı uğursuz çıxışı əsas götürülərək millimizin məşqçilər heyəti bütünlüklə istefaya göndərilib. Ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun bütün köməkçiləri yola salınıb.
Xəbər lenti
0