Azərbaycanın İsraildə səfirliyi də olacaq – Anons verildi

© AFP 2024 / JACK GUEZВид на Тель-Авив, фото из архива
Вид на Тель-Авив, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.07.2021
Abunə olmaq
Mən özüm də nümayəndəliklərin açılış mərasimlərində iştirak etdim və İsraildə Azərbaycana, eyni zamanda Azərbaycanda İsrailə olan marağın əyani şahidi oldum.

BAKI, 30 iyul — Sputnik. Ötən gün Azərbaycan tarixində bir ilk yaşanıb. Belə ki, 30 ilə yaxın diplomatik münasibətlərin olmasına baxmayaraq Azərbaycan İsraildə ilk dəfə rəsmi nümayəndəlik açıb. Özü də bir yox, birdən birə iki nümayəndəlik – ticarət və turizm nümayəndəlikləri. Tel-Əvivdə yerləşən nümayəndəliklərin açılış mərasimində çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulan ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.

Nazir Azərbaycanın İsraildə ticarət və turizm nümayəndəliklərinin ikitərəfli ticarət-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacağına əminliyini ifadə edib. Azərbaycanın İsraildə rəsmi nümayəndəliklər açması həm ölkə daxilində, həm də eyni zamanda ölkə xaricində də böyük maraqla qarşılanıb. Sputnik Azərbaycan bu tarixi hadisələrlə bağlı siyasi analitik, "The Jerusalem Post" qəzetinin siyasi şərhçisi Arye Qutla həmsöhbət olub.

Arye Qut xatırladıb ki, gələn il İsraillə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd ediləcək: "Bu özü özlüyündə İsraillə Azərbaycan arasında əlaqələrin nə qədər yüksək səviyyədə olmasını göstərir. Azərbaycan Prezidenti və İsrail Baş naziri arasında ən yüksək səviyyədə olan münasibətlər də daxil olmaqla bizim siyasi baxımdan çox gözəl münasibətlərimiz var.

Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 3 milyard dollara yaxındır. Bu baxımdan hesab edirəm ki, burada – İsraildə Azərbaycanın həm ticarət, həm də turizm evlərinin açılması Azərbaycan və İsrail dövlətləri arasında çox mühüm bir addımdır".

Ekspert vurğulayıb ki, çox yaxın gələcəkdə Azərbaycanın bayrağı Tel-Əvivdə yerləşəcək bu ölkənin səfirliyinin qarşısında dalğalanacağına inanıram. "Mən özüm də nümayəndəliklərin açılış mərasimlərində iştirak etdim və İsraildə Azərbaycana, eyni zamanda Azərbaycanda İsrailə olan marağın əyani şahidi oldum. Ölkələrimiz arasında strateji, hərbi-texniki sahədə əlaqələr bütün dünya üçün bir nümunədir.

Lakin İsrail və Azərbaycan arasında əlaqələrin özəyini xalqlar, insanlar arasında əlaqələr təşkil edir. Qeyd edim ki, yüksək səviyyədə olan əlaqələrimizdə Azərbaycanda olan 25 minlik yəhudi diasporu və İsraildə olan 80 minlik Azərbaycan əsilli insanların olmasının rolu böyükdür. İnanıram ki, ölkələrimiz arasında əlaqələr daha da güclənəcək, dərinləşəcək. Biz, İsraildə yaşayan Azərbaycan əsilli insanlar turizm və ticarət nümayəndəliklərinin açılmasına sevinirik. Biz də bu nümayəndəliklərin fəaliyyətinə hər zaman dəstək verəcəyik".

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Turizm üzrə agentliyin rəhbəri Fuad Nağıyev və bu ölkənin digər rəsmilərinin İsrailə səfəri çox böyük rezonans yaratdı: "Nümayəndə heyəti İsrailin xarici işlər naziri və faktiki Baş nazirin səlahiyyətlərini icra edən Yair Lapid tərəfindən yüksək səviyyədə qəbul olundu. İsraildə hansı partiyanın hakimiyyətə gəlməsindən, hökumətin qurulmasından asılı olmayaraq Azərbaycana olan münasibət dəyişmir. İsrail üçün Azərbaycan strateji əhəmiyyətə malik ölkədir".

Arye Qut bildirib ki, İsrail şirkətləri Qarabağın yenidən qurulması, dirçəlişi prosesində aktiv şəkildə iştirak edə bilər: "Mikayıl Cabbarov da İsrailə səfəri zamanı bu ölkənin şirkətlərini Qarabağda yenidənqurma işlərində iştirak etməyə dəvət etdi. İnanıram ki, İsrail şirkətləri bu dəvəti qəbul edəcək və Qarabağda bərpa işlərinə öz töhfələrini verəcəklər. Məndə olan məlumatlara görə, bu yaxınlarda İsrail şirkəti Qarabağda minatəmizləmə işlərinə başlayacaq. Bunun özü də İsrail və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir".

Həmçinin oxuyun:

* Tarixi gün – Azərbaycan ilk dəfə İsraildə nümayəndəlik açdı

Xəbər lenti
0