CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtomobillərin arxa şüşəsinə şüarların vurulması qanunsuzdur

© Sputnik / Irade JELILBakıda vəziyyət
Bakıda vəziyyət - Sputnik Azərbaycan, 1920, 29.07.2021
Abunə olmaq
Avtomobillər arxa şüşələrinə şüarların yazılması, fotoların vurulması digər sürücülərin diqqətini yayındıra bilər

BAKI, 29 iyul — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarların yazılması ilə bağlı məlumat yayıb. Sputnik Azərbaycan-a bu barədə BDYPİ-dən məlumat daxil olub.

Məlumatda qeyd edilir ki, son vaxtlar avtomobil yollarında bəzi sürücülərin digər yol hərəkəti iştirakçılarının diqqətini cəlb etmək və ya nəyisə reklam etmək məqsədilə nəqliyyat vasitələrinin arxa şüşələrinə müxtəlif məzmunlu şüarlar yazmaları yaxud fotolar vurma halları müşahidə olunur. Bu isə bəzən etik normalara zidd olmaqla bərabər yol-nəqliyyat hadisələrinin baş verməsinə də səbəb olan amillərdəndir: "Belə ki, nəqliyyat vasitələrinin arxa şüşələrində əks etdirilən bu cür faktlar avtomobillərin estetik görünüşünə xələl gətirmək, insanlar arasında pis fikirlər formalaşdırmaqla yanaşı, hərəkətdə olan avtomobil sürücülərinin istər-istəməz marağını kəsb edir, fotolara baxmağa, yazılanları oxumağa çalışırlar ki, bu səbəbdən diqqətləri yoldan yayınır və nəticədə qarşıdakı nəqliyyat vasitəsinə, piyadaya və ya hər hansı maneəyə toxunaraq qəza törədirlər".

Baş Dövlət Yol Polisi İdarəsi bu kimi halların qarşısının alınması məqsədilə avtomobil sahiblərinə və sürücülərə müraciət edərək nəqliyyat vasitələrində əgər bu cür yazılar, fotolar varsa, onların çıxarılmasını xahiş edir və bildirilir ki, belə nəqliyyat vasitələri dayandırılaraq müvafiq tədbirlər görüləcəkdir.

Qeyd edək ki, bir neçə gün öncə də, avtomobilin arxa şüşəsinə yazı yazan daha bir sürücü saxlanılıb. “Facebook” sosial şəbəkəsində yayılan görüntülərdən sonra Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həmin sürücünün saxlanılması barədə Ekoloji nəzarət bölüyünə tapşırıq verilib. Avtomobil saxlanılan zaman məlum olub ki, sürücü konstruksiyaya ciddi dəyişiklik edib.

İdarənin şöbə rəisi polis polkovnik-leytenantı Namidan Piriyev Avtosfer.az-a açıqlamasında bildirib ki, 90-PY-043 qeydiyyat nişanlı “Khazar” markalı  avtomobilin sürücüsü  Əlizadə İlahi Qəhrəman oğlu saxlanılan zaman avtomobilə baxış keçirilib. Məlum olub ki, sürücü avtomobilin asqı sisteminə ciddi dəyişiklik edərək arxasını aşağı salıb, eyni zamanda sürücünün görünüş dairəsinə düşən şüşələrə plyonka çəkib. Polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığına görə sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.2.3, 342.2.4 və 535-ci maddələri ilə protokol tərtib edilərək barəsində toplanmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib.

Şəxs Binəqədi rayon Məhkəməsinin qərarı ilə Əlizadə İlahi Qəhrəman oğlu 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Xəbər lenti
0