23:35 25 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
XƏBƏRLƏR
Qısa URL
4495 0 0

Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının növbəti iclasında ictimai nəqliyyatla Gürcüstana gediş-gəlişin bərpası məsələsi əsas müzakirə predmeti olub.

BAKI, 26 iyul — Sputnik. Tbilisidə Azərbaycan – Gürcüstan Qarışıq Komissiyasının növbəti iclası keçirilib. Sputnik Azərbaycan-a bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) xəbər verib.

Məlumata görə, beynəlxalq avtomobil əlaqələri sahəsində Azərbaycan-Gürcüstan Qarışıq Komissiyasının növbəti iclasında ictimai nəqliyyatla Gürcüstana gediş-gəlişin bərpası məsələsi əsas müzakirə predmeti olub.

İclasda Azərbaycanla Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişindaşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişaf perspektivləri və digər aktual məsələlər müzakirə edilib.

NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov Gürcüstan nümayəndə heyətinə son vaxtlar Azərbaycanda beynəlxalq yükdaşımaları sahəsində geniş islahatların aparılması, "İcazə sistemi"nin təkmilləşdirilməsi ilə bağlı normativ-hüquqi bazanın yenilənməsi və bu sahədə hazırlanan yeni layihələr haqqında məlumat verib. O, 2021-ci ilin 6 ayı ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə daşımaların həcminin artdığını vurğulayıb.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinin direktor əvəzi Nikolaz Qvenetadze əhalinin tələbatını nəzərə alaraq COVID-19 pandemiyası şəraitində hər iki dövlətin səlahiyyətli orqanlarının müəyyən etdiyi qaydalara riayət etməklə müntəzəm sərnişindaşıma marşrutlarının bərpa edilməsini təklif edib. Bu məqsədlə aidiyyəti strukturlara müraciət edilməsinin zəruriliyi məqsədəuyğun hesab edilib.

Daşımaların inkişaf perspektivləri və digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılaraq nəticədə müvafiq Protokol imzalanıb.

Qeyd edək ki, 2020-ci il 14 mart saat 00:00-dan etibarən Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması barədə qərar qəbul edilib. Hazırda Gürcüstan bir sıra ölkələrlə hava, Türkiyə ilə isə quru sərhədi açıb.

Əsas mövzular