Tələbələrin köçürülməsi üçün son gün!

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 26.07.2021
Abunə olmaq
Bu günədək transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 1363 müraciət qeydə alınıb.

BAKI, 26 iyul — Sputnik. Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunun müddəti uzadılıb. Sənəd qəbulu 26 iyul saat 15:00-dək davam edəcək. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, bu günədək transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 1363 müraciət qeydə alınıb.

1363 nəfərdən 14-ü magistratura səviyyəsindən, 113-ü xaricdə yerləşən ali təhsil müəssisəsindən, 127-si orta ixtisas təhsili müəssisəsindən, 1123 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib.

Tələbələrin bakalavriat səviyyəsində bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi zamanı tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

Qeyd edək ki, ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ixtisasdan (ixtisaslaşmadan) digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, I tədris ilində eyni ixtisas (ixtisaslaşma) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülmək hüququna malikdirlər.

Bununla yanaşı, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Təhsilalma formasını dəyişən və ya köçürülən (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) tələbələr təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğə uyğun təhsil haqqı ödəyirlər.

Akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir. Tələbənin təhsil aldığı ali məktəbin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Xarici ölkələrin ali məktəblərində qiyabi təhsil alan tələbələrin ölkənin ali təhsil müəssisələrinə köçürülməsi aparılmır.

II və III ixtisas qruplarında müəyyənləşdirilmiş tarix və coğrafiya müəllimliyi, tarix müəllimliyi və tarix ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilir.

Məlumat üçün qeyd edək ki, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi (www.transfer.edu.az) portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi məqsədilə istifadəyə verilib.

Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.

Xəbər lenti
0