12:26 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
XƏBƏRLƏR
Qısa URL
5841 0 0

Avqust ayının 2-dən etibarən paytaxtın məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunun elektron qaydada aparılmasına start veriləcək.

BAKI, 26 iyul — Sputnik. Paytaxtın uşaq bağçalarına qəbul elektron qaydaya keçir. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Xəbərdə bildirilir ki, ölkə başçısının dövlət qurumlarının fəaliyyətinin şəffaflaşdırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq, Bakı şəhərinin məktəbəqədər tərbiyə müəssisələrinə uşaq qəbuluna dair elektron xidmətin yaradılması sahəsində işlər başa çatdırılıb.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının rəhbəri Elgin Həbibullayev bildirib ki, cari il avqust ayının 2-dən etibarən paytaxtın məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunun elektron qaydada aparılmasına start veriləcək. Pilot layihə kimi seçilən Nizami rayonunda bütün hazırlıq və təşkilati işlər başa çatıb. Artıq valideynlər evdən çıxmadan, elektron qaydada bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək, övladlarını paytaxtın uşaq bağçalarına qeydiyyata saldıra biləcəklər.

Elektron qəbul sistemi iş prosesində qarşıya çıxan nöqsanların təhlili, rəylər və təkliflər əsasında təkmilləşdiriləcək. Sisteminin tətbiqi Nizami rayonunda pilot layihənin gerçəkləşdirilməsindən sonra paytaxtın digər rayonlarında da mərhələli şəkildə həyata keçiriləcək. Elektron qəbul sistemi ilə yanaşı təlim – tərbiyə prosesində yeni, innovativ yanaşmanın tədbiq olunması üzərində işlər gedir.

Bu barədə yaxın zamanda daha ətraflı açıqlama veriləcəkdir. Bundan əlavə, Aparat rəhbəri BŞİH-in digər xidmət sahələrində də elektronlaşmanın və şəffaflığın təmin edilməsi məqsədilə xüsusi proqramın hazırlandığını bildirib.

Xatırladaq ki, pilot layihə olaraq 2020-ci ildə Nizami rayonunda bağçalara elektron qaydada qəbula başlanıb. Sonradan isə mərhələli şəkildə digər rayonların yaradılan elektron  sistemə qoşulacağı nəzərdə tutulsa da, pandemiya səbəbindən bu iş təxirə salınmışdı.

Qeyd edək ki, pandemiya dövründə uşaq bağçaları fevralın 15-dən fəaliyyətini yenidən bərpa edib.  Məlumat üçün onu da bildirək ki, Bakıda dövlət bağçalarının sayı 346-dır.

 

Əsas mövzular