BAKI, 23 iyul — Sputnik. Tibbi Ərazi Bölmələrini İdrəetmə Birliyi (TƏBİB) Psixoloji xidmətin icbari tibbi sığorta xidmətləri zərfinə daxil olub-olmadığına aydınlıq gətirib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə jurnalistlər üçün "Medianın psixi sağlamlıqda rolu" mövzusunda TƏBİB-in keçirdiyi təlimdə qurumun Psixi-Sosial Dəstək Fəaliyyəti uzmanı Nərmin Osmanlı məlumat verib. O, bildirib ki, müraciət etdiyi halda vətəndaşa tibb müəssisələrində ilkin psixoloji yardım göstərilir.
N. Osmanlının sözlərinə görə, artıq psixoloji xidmətin sistemləşdirilməsi üçün işlərə başlanılıb:
"Xəstəxanalarda psixoloji xidmətlərin göstərilməsi və bu sahənin icbari sığorta üzrə xidmətlər zərfinə daxil edilməsi istiqamətində monitorinqlərə başlanılıb. Çünki hazırda xidmətlər zərfində xəstəxanalarda psixoloji dəstəklərin göstərilməsi yer almır. Amma vətəndaşa müraciət etdiyi zaman ilkin psixoloji yardım göstərilir".
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına görə, hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 sayda müxtəlif tibbi xidmət daxildir.
Agentlik tərəfindən Xidmətlər Zərfində dəyişikliklərin edilməsi, tibbi xidmətlərin sayının və çeşidinin artırılması ilə bağlı layihə hazırlanıb və aidiyyəti qurumlara təqdim olunub.
Xidmətlər Zərfinə 300-ə yaxın tibbi xidmətin əlavə olunması planlaşdırılır.
Ümumilikdə Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərin sayının 2800-dən çox olması nəzərdə tutulur. Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin etmək və xidmətlərin əlçatanlığını artırmaqdır. Xidmətlər Zərfində dəyişiklik olduğu təqdirdə bu barədə ictimaiyyətə məlumat verilir.