Narkotiklərin tüğyanı: Lənkəranda "patı" əməliyyatı keçirildi, saxlanılanlar var

© AFP 2024 / VALERY HACHEИзъятые полицейскими пакеты с наркотиками, фото из архива
Изъятые полицейскими пакеты с наркотиками, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.07.2021
Abunə olmaq
Lənkəran ŞRPŞ-nin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Liman şəhər sakinləri Aydın Ağamalıyev, Elçin Quliyev, Anar Kişiyev və Göyşaban kənd sakini Şahin Ağayev saxlanılıblar.

BAKI, 17 iyul — Sputnik. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin keçirdiyi növbəti əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə və “patı”, şüşə kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər şəxs saxlanılıb. Bu əməliyyatlarla ümumilikdə 2 kiloqramdan artıq heroin və metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakini, əvvəllər məhkum olunmuş Sadıq Sadıqov  1 bükümdə heroin və 1 bükümdə metamfetamini Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Emin Kərimova satarkən hər ikisi saxlanılıblar. S.Sadıqovun üzərindən əlavə olaraq 4 bükümdə heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Aparılan araşdırmalarla həmin narkotik vasitə və psixotrop maddənin Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Rəşadət Alxasovdan əldə edildiyi müəyyən edilib və həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. R.Alxasovun üzərindən və evindən ümumilikdə 1 kiloqram 20 qram heroin, 1 kiloqram 80 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Bundan əlavə, Lənkəran ŞRPŞ-nin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Liman şəhər sakinləri Aydın Ağamalıyev, Elçin Quliyev, Anar Kişiyev və Göyşaban kənd sakini Şahin Ağayev saxlanılıblar. Onların üzərindən ümumilikdə 20 bükümdə heroin və metamfetamin və 4 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

“TikTok” sosial şəbəkəsində narkotiklərin təbliği

Qeyd edək ki, bir neçə gün öncə də Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki hesablarına vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında "TikTok" platformasında narkotik vasitələri təbliğ edən musiqili meyxana janrında videolar yayan şəxslərə qarşı tədbirlər həyata keçirilib.

Nəticədə Baş İdarə və ərazi polis orqanları tərəfindən həmin videoları yayan şəxslərin anket məlumatları qısa zamanda müəyyən olunub.

Baş İdarənin əməkdaşları tərəfindən “TikTok” sosial şəbəkəsində narkotik vasitələri təbliğ edən musiqilər yayan 11 nəfər – Fərid Bağırov, Orxan Hüseynov, Kərim Zeynalov, Tərlan Dəmirov, Riad Misirli, Əli Əliyev, İlkin Cəfərov, Elçin Rüstəmov, Kamil Əliyev, Qurbanəli Əlizadə və Yusif Zairov qısa zamanda saxlanılıblar. Bu şəxslərlə profilaktik söhbətlər aparılıb, paylaşdıqları videoların zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə onlara məlumatlar verilib. Adları çəkilən şəxslərin “TikTok” sosial şəbəkəsində paylaşdıqları bu tipli videoların silinməsi təmin edilib.

Bundan başqa, Bakı şəhərində polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin onlayn satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində genişmiqyaslı əməliyyatlar həyata keçirilib.

Əməliyyatlar paytaxtın Xətai, Nizami, Suraxanı və Xəzər rayonunda baş tutub. Belə ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində, eləcə də, paytaxtın digər rayonlarında, o cümlədən, sosial şəbəkələrdə külli miqdarda psixotrop maddə olan "patı", "şüşə" adlanan metamfetamin, həmçinin narkotik vasitə olan heroinin satışı ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Əvvəlcə, sosial şəbəkələrdə yayılan görüntülər əsasında binaların bloklarında "şüşə", yəni metamfetamin satan paytaxt sakini Qədim Manafov və Sahib Mustafayev saxlanılıb. Onların üzərinə baxış zamanı külli miqdarda metamfetamin, elektron tərəzi və onlayn narkotik satışında istifadə olunan bank kartları aşkar edilib.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı sosial şəbəkələrdə narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Hüseyn Orucov saxlanılıb. Onun üzərindən və Suraxanı rayonundakı evindən 50 büküm satış üçün qablaşdırılan metamfetamin, 2 ədəd elektron tərəzi, 1 kiloqram 430 qram heroin və xeyli sayda bank kartları aşkar edilib.

Davam etdirilən əməliyyat zamanı müəyyən edilib ki, Hüseyn Orucov narkotik vasitələri Rəfail adlı şəxsdən alıb. Həmin şəxs - Abşeron rayon sakini Rəfail Zeynalov da Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun Xırdalan şəhərindəki mənzilinə baxış zamanı 2 kiloqram 430 qram heroin, 350 qram tiryək, 100 büküm satış üçün qablaşdırılan metamfetamin, 2 ədəd elektron tərəzi, 1 ədəd "COLD" markalı tapança, iki ədəd həmin silaha aid sandıqça, 16 ədəd patron, 1 ədəd uzaqgörmə cihazı və onlayn narkotik satışı zamanı istifadə olunan bank kartları aşkar edilib.

Rəfail Zeynalov ifadəsində sosial şəbəkələr vasitəsi ilə tanış olduğu və xarici ölkələrdən birində yaşayan şəxsin vasitəçiliyi ilə narkotik vasitələrin satışını həyata keçirdiyini etiraf edib.

Xəbər lenti
0