19:56 26 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
XƏBƏRLƏR
Qısa URL
50 0 0

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində fəaliyyət göstərən, toy mərasimlərinin keçirildiyi şadlıq saraylarında yoxlamalar aparıb.

BAKI, 17 iyul — Sputnik. Mingəçevirdə karantin qaydalarını pozan şadlıq sarayları aşkarlanıb, birinin sahibi barəsində cinayət işi başlanılıb. Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində fəaliyyət göstərən, toy mərasimlərinin keçirildiyi şadlıq saraylarında yoxlamalar aparıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-ın müxbiri Rahim Məmmədova verilən məlumata görə, keçirilən tədbirlər zamanı bəzi şadlıq saraylarında karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, "Əsgər" şadlıq evinin şərtlərə uyğun olaraq ümumilikdə 40 qonaq qəbul etmə imkanlarının olmasına baxmayaraq, toy mərasimində 110 nəfərin iştirak etdiyi, eləcə də orada olanların COVID-19 pasportu olmadığı aşkarlanıb. Virusun yayılmasına real zəmin yaradan obyekti işlədən Asif Mustafayev barəsində toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.

"Miraj", "Sevgi" və "Sərin" şadlıq saraylarında aparılan yoxlamalar zamanı təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilməməsi, icazə verilən saydan artıq qonağın iştirak etməsi müəyyən olunub. Yol verilən qayda pozuntuları ilə bağlı obyektlərin icarədarlarına və toy sahiblərinə ciddi xəbərdarlıq edilib, onların barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

"Miraj" şadlıq sarayının icarədarı Elnur Allahverdiyev 4 min, "Sevgi" şadlıq sarayının icarədarı Tahir Əliyev 5 min məbləğində cərimə olunub. "Sərin" restoranını icarə əsasında işlədən Rübail Abbasov barəsində toplanmış materiallar isə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 4 min manat məbləğində cərimələnib.

16.07.2021

Bəzilərinin sahibləri həbs edilib, bəziləri cərimələnib

Gəncədə karantin qayadalarını pozan restoran aşkarlanıb. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Gəncə ŞBPİ Kəpəz RPİ idarəsinin keçirdikləri araşdırmalar zamanı şəhər ərazisində yerləşən "Sevincim" şadlıq sarayının Operativ Qərargah tərəfindən qəbul etdiyi qaydaları pozduğu müəyyən edilib. Restoranın inzibatçısı Elşən Hüseynov barəsində protokol tərtib edilərək məhkəməyə göndəriib. Məhkəmənin qərarı ilə E.Hüseynov 8 gün inzibati qaydada həbs edilib.

Sumqayıtda da karantin qaydalarını pozan restoran sahibləri cərimələnib. Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdiyi nəzarət tədbirləri zamanı Sumqayıtda “Sahil”, “Xəlifə”, “Aylı gecə” və “Love Palace” restoranlarında qanunvericiliyin tələblərinin pozulduğu məlum olub. Belə ki, şənlik məclislərində obyekt sahibləri tərəfindən “icazə.e-gov.az” portalında rəsmi qeydiyyatdan keçiriləndən artıq iştirakçının qatıldığı müəyyən edilib. Aşkarlanan pozuntularla bağlı restoran sahiblərinin hər biri İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən karantin qaydalarının pozduqlarına görə 4000 manat cərimələnib.

Zaqatalada isə Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri nəzarət tədbirləri zamanı Yuxarı Tala kəndi ərazisində yerləşən “Talaçay” şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şadlıq evinə keçirilən baxış zamanı obyekt sahibi tərəfindən “icazə.e-gov.az” portalında 150 nəfərin rəsmi qeydiyyatdan keçirilməsinə baxmayaraq məclisdə 200-dən artıq qonağın iştirak etdiyi müəyyən olunub. Aşkarlanan pozuntularla bağlı həmin sarayın sahibi Anar Qəhrəmanov 4 min manat məbləğində cərimələnib.

Qeyd edək ki, 2021-ci il iyulun 1-dən Azərbaycanda toy və nişan mərasimlərinə qoyulan qadağa aradan qaldırılıb. "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyə görə, mərasimlərdə qonaqların sayı 150 nəfərdən çox ola bilməz, üstəlik, toy gecə yarısından əvvəl bitməlidir.

Qonaqların sayı 50 nəfərədək olduqda onların maska taxması (yemədikləri zaman) vacib olsa da, toya COVID-19 pasportu olmayanlar da gələ bilərlər. Ancaq toya 50 nəfər və daha artıq şəxs gəlibsə, onlardan COVID pasportu tələb olunacaq. Restoran və şadlıq evlərinin personalının 80%-nin koronavirus immuniteti barədə sertifikatı olmalı, onlar mütləq maska taxmalıdırlar (musiqiçilər istisna olmaqla).

Şənlik mərasimlərinin təşkili ilə əlaqədar əsas qaydalar

- 50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin "İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər"də müəyyən olunmuş tələblərə uyğun olaraq təşkil edilməsinə icazə verilir. Bu tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə vacibdir. Lakin həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb edilmir.

- 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində isə yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduğu halda icazə verilir. Bu şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi yoxdur.

- Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir (1 avqustadək birinci doza qeyd olunmuş vaksinasiya sertifikatı qəbul edilir). Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.

- Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az) daxil edilməldir.

Keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı, qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi birlikdə məsuliyyət və cavabdehlik daşıyırlar. 150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağandır.

- İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.

Əsas mövzular