18:25 03 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0195
  • RUB0.0233
XƏBƏRLƏR
Qısa URL
38 0 0

Əmlak Məsələləri Dövlət Xidməti mühafizə zolağında inşa edilmiş tikililərin sökülməsi ilə bağlı 39 hal üzrə məhkəmədə iddia qaldırılıb.

BAKI, 15 iyul — Sputnik. İnzibati Xətalar Məcəlləsinin 248-ci maddəsində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulması) nəzərdə tutulan inzibati xəta halı ilə bağlı 14 hüquqi və 80 fiziki şəxs barəsində inzibati protokollar tərtib edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən xəbər verilib.

Qeyd olunub ki, hüquqi şəxslər barəsində inzibati işlər qanunvericiliyə uyğun olaraq qərar qəbul edilməsi üçün aidiyyəti məhkəmələrə göndərilib, eləcə də mühafizə zolağında inşa edilmiş tikililərin sökülməsi ilə bağlı 39 hal üzrə məhkəmədə iddia qaldırılıb.

Xidmət tərəfindən torpaqların zəbt olunmasının, təyinatından kənar qanunsuz istifadəsinin müəyyən edilməsi məqsədilə keçirilmiş monitorinqlərdə aşkar olunmuş hallarla bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti icra hakimiyyəti orqanlarına məlumat verilir. Tikilinin qanunauyğun olub-olmamasına nəzarət Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aiddir.

Məlumat üçün bildirək ki, Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2.1-ci bəndinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər və istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər.

İctimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.

Qeyd edək ki, bir neçə gün öncə mətbuatda Xəzər rayonunda dənizə gedən yolun bağlandığı ilə bağlı məlumat yayılmışdı. Rayonun Zirə qəsəbəsi, Zirə bağları adlanan ərazidə yaşayan sakinləri bildiriblər ki, çimərliyə gedən yolu hasarlayırlar. 50 ildir həmin ərazidə yaşayan sakinlər deyirlər ki, yay mövsümündə hər dəfə üz tutduqları dənizə indi gedə bilmirlər. Məlumat üçün bildirək ki, Xəzərboyu sahil ərazilərinin hasarlanmasına paytaxtın müxtəlif ərazilərində rast gəlinir.

Əsas mövzular