BAKI, 14 iyul — Sputnik. Ölkədə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb. 2020-ci ilin sonuna olan məlumata əsasən Azərbaycanda 33 788 rəsmi qeydiyyatda olan narkotik istifadəçiləri var. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov "Narkomaniya ilə mübarizə" mövzusunda çıxışında deyib.
Mərkəzin baş direktoru onu da əlavə edib ki, rəsmi qeydiyyata alınanlarda 618-i qadındır: "Rəsmi qeydiyyatda olanlardan 15-17 yaş arasında olanlar 9 nəfərdir. Əvvəlki illərlə müqayisədə fərq böyük deyil. Qadınların sayında da artım çox deyil. Bundan başqa, qeydiyyatda olmayanlar da var. Narkomanların sayında kəskin artım yoxdur".
O,Cəfərov həmçinin qeyd edib ki, yeniyetmələrdə asılılığın əlamətləri daim ekstremal axtarış, anlıq həzzin alınması kimi hallarla müşahidə olunur "Burada bioloji, fiziki asılılıqlar var. Narkotikdən asılılıqda ailənin verdiyi tərbiyənin də təsiri olur. Uşağın asudə vaxtının çoxluğu, valideynlərin daha çox məşğul olması, ailənin vəziyyətindən asılı olaraq özünəinamsızlıq, bundan başqa, qrup psixologiyası bu kimi hallara yol açır".
Baş direktor deyib ki, ilkin olaraq narkomaniyada psixi asılılıq olur: "Şəxs maarifləndirmə zəif olduğuna görə ağır nəticələr barədə məlumatlı olmur. 25 il əvvəl 1-2 aya absent durum yaranırdısa, indi sintetik heroinin nəticəsində 2-3 həftə ərzində bu vəziyyət yaranır. Dayandırdıqda kəsilmə sindromu və şiddətli ağrılar, depressiyaya düşmə halları olur".
Qeyd edək ki, son həftələr ölkəmizdə metamfetamin, narkomanlar arasında "patı" adlandırılan narkotik vasitə satan dəstələr ifşa olunur. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində onlarla "patı" və digər narkotik vasitə satan narkotacirlər iş başında yaxalanır. Əməliyyat tədbirləri göstərir ki, "patı"nın ölkəmizdə satışı geniş miqyas alıb və bu hüquq-mühafizə orqanlarını ciddi narahat edir.
O.Cəfərov deyib ki, son zamanlar psixotrop maddələrin istifadəsi gəncləşib. Həkim bildirib ki, gənc yaşlarda psixotrop maddələrin istifadəsinə başladıqda ağır narkotik maddələrə keçid tez baş verir: "Marixuana psixi xəstəlik olan şizofreniyaya belə təkan verir. Gənc yaşlarda bu maddədən istifadə edənlər bu haqda heç də məlumatlı olmurlar. Belə maddələr fiziki, psixi asılılıq yaradır".
Onun sözlərinə görə, siqaret asılılıq yaradan tütün məmulatıdır: "Onun da müalicəsi ilə vaxtilə narkoloji mərkəzdə məşğul olurdular. Son zamanlar digərləri o qədər artıb ki, bu, bir qədər arxa plana keçib".