Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 08.07.2021
Abunə olmaq
Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçən abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər

BAKI, 8 iyul — Sputnik. Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçən abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız);

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

Musiqi sənəti və teatr, kino və xoreoqrafiya sənəti istiqamətlərinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlərin səhifəsində "İmtahan proqramı" forması yerləşdirilir. Abituriyent ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Qeyd edək ki, ali təhsil və orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar sırasına xüsusi qabiliyyət tələb edən ixtisaslar da daxildir. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları aşağıdakı 5 istiqamətə daxildir.

1. Təsviri sənət

2. Musiqi sənəti

3. Memarlıq və dizayn

4. Teatr, kino və xoreoqrafiya sənəti

5. Bədən tərbiyəsi və idman

Ali təhsil müəssisələrinin Dizayn, Təsviri sənət, Musiqi sənəti, Teatr, kino, xoreoqrafiya sənətləri, Bədən tərbiyəsi və idman istiqamətli xüsusi qabiliyyət tələb edən ixtisasları V ixtisas qrupuna daxildir.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası I ixtisas qrupuna daxildir.

V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün tam orta (11 illik) təhsil səviyyəsini əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər buraxılış imtahanı keçirilən qaydada qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər.

I ixtisas qrupuna daxil olan memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər əvvəlcə ümumi qaydada keçirilən test imtahanında iştirak edirlər. Həmin imtahanın nəticələrinə əsasən qabiliyyət imtahanlarında iştirak edirlər.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra, DİM tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanında iştirak edirlər. Topladıqları ümumi balları DİM tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan abituriyentlər müvafiq qabiliyyət imtahanı komissiyaları üzrə elektron qaydada qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş abituriyentlər qabiliyyət imtahanlarına buraxılırlar.

Abituriyent həm V ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edərək (cari ilin abituriyenti isə buraxılış imtahanında iştirak edərək) xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində, həm də I, II, III və ya IV ixtisas qruplarından biri (və ya ikisi) üzrə qəbul imtahanında iştirak edərək həmin qrupa daxil olan ixtisasların müsabiqəsində eyni vaxtda iştirak edə bilər. Bundan əlavə, abituriyent V ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən (cari ilin abituriyenti isə buraxılış imtahanının nəticələrinə əsasən) orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri və qəbul planı haqqında məlumat "Abituriyent" jurnallarının müvafiq saylarında verilir.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları aşağıdakı 4 istiqamətə daxildir.

– Təsviri sənət

– Musiqi sənəti

– Teatr, kino və xoreoqrafiya sənəti

– Bədən tərbiyəsi və idman

Orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün tam orta təhsil səviyyəsini əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər buraxılış imtahanı keçirilən qaydada qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər.

Xəbər lenti
0