03:10 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
XƏBƏRLƏR
Qısa URL
50 0 0

Yeni strategiyaya əsasən velosiped infrastrukturunun qurulması şəhər mərkəzi və ətraf əraziləri əhatə edəcək ki, bu da gələcəkdə velosiped yol şəbəkəsini formalaşdıracaq.

BAKI, 7 iyul — Sputnik. Son vaxtlar Bakı şəhərində velosiped nəqliyyatının təşviqi, bununla bağlı infrastrukturun qurulması istiqamətində tədbirlər həyata keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Agentlik velosiped nəqliyyatının inkişafına dair strategiya hazırlayaraq icra edir. Strategiyaya əsasən velosiped infrastrukturunun qurulması şəhər mərkəzi və ətraf əraziləri əhatə edəcək ki, bu da gələcəkdə velosiped yol şəbəkəsini formalaşdıracaq.

Ümumilikdə, velosiped infrastrukturunun iki istiqamətdə qurulması nəzərdə tutulub: 1) yol infrastrukturunun imkan verdiyi ərazilərdə təhlükəsizlik nəzərə alınmaqla və daha az vaxt sərf edilməklə müvafiq nişan və üfüqi nişanlama xətləri vasitəsilə; 2) digər ərazilərdə isə tikinti-quraşdırma işləri aparılmaqla. Şəhərin əsasən mərkəzi hissəsini əhatə edən 7,5 km uzunluğunda velosiped yolu məhz tikinti-quraşdırma işlərini tələb edir. Layihə aidiyyəti qurumlarla razılaşdırılıb və icra ediləcək.

İ̇nfrastrukturun imkan verdiyi ərazilərdə isə artıq strategiyada nəzərdə tutulan velosiped şəbəkəsinin ilk fazası icra edilib. Söhbət Bilgəh Kardioloji Sanatoriyasını və digər müalicə-istirahət mərkəzlərini bir-biri ilə əlaqələndirən velosiped yolundan gedir. Yay mövsümündə şəhər əhalisinin daha çox bu məkanlara üz tutduğunu nəzərə alsaq, işlərə məhz bu ərazilərdən başlanılmasına qərar verilib.

Bakı Dairəvi maililiyi, həmçinin mövcud infrastruktur bu ərazidə velosiped yolunun salınmasına imkan verir. 2 km-lik velosiped yolu 2 istiqamət üzrə 2,50 m enində təşkil edilib və təhlükəsiz hərəkəti təmin etmək məqsədilə 70 sm enində bufer zona yerləşdirilib. Eyni zamanda bufer zonada diqqəti və görünmə səviyyəsini artırmaq üçün işıqqaytarıcı effektə malik rezin dirəklər quraşdırılıb.

Avtomobil sürücülərindən xahiş edirik ki, velosipedçilərin hərəkətini çətinləşdirməsinlər və yol hərəkəti qaydalarına əməl etsinlər. Velosiped yolu üzərində avtomobili park etmək və ya velosiped yolu boyunca hərəkət etmək qadağandır. Müəyyən edilən yerlərdə velosipeddən istifadə edənlərin hərəkət üstünlüyünə də anlayışla yanaşılmasını tövsiyə edirik. Eyni qaydada velosiped istifadəçiləri də yol hərəkəti qaydalarına əməl etməlidirlər.

Yolun əhatə etdiyi ərazidə 10 minə yaxın əhalinin daimi yaşadığını və yaz-yay aylarında çoxlu sayda ziyarətçi cəlb etdiyini nəzərə alsaq, hazırlanmış layihə turizm sektorunun inkişafı baxımından da xüsusi əhəmiyyətə malikdir. Növbəti mərhələlərdə isə sözügedən velosiped yolunun Buzovna və Pirşağı qəsəbələrinə qədər təşkil edilməsi planlaşdırılır ki, bu da qəsəbələrarası əlaqələndirmədə velosiped nəqliyyatının payının artmasına imkan verəcək.

Bakının velosiped yolunun uzunluğu nə qədər olacaq

Bakıda velosiped yolunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər davam etdirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

O bildirib ki, artıq bununla bağlı Dənizkənarı Milli Park ərazisində 7,5 kilometr velosiped yolu çəkilib: "Bu proses davam etdirilir, 2023-cü ilə qədər Bakıda 63,5 kilometr uzunluğunda velosiped yolu olacaq. 2040-cı ildə isə Bakıda 251 kilometr uzunluğunda velosiped yolunun çəkilməsi planlaşdırılır".

Prezident İlham Əliyevin sərəncamı ilə 2019-2023-cü illərdə avtomobil yollarında, küçə-yol şəbəkəsində velosiped zolaqlarının və duracaqlarının yaradıla biləcəyi ərazilər müəyyən ediləcək. . Birinci mərhələdə paytaxtın Böyükşor parkı - Olimpiya stadionu, Elmlər Akademiyası, Bulvar əraziləri, ikinci mərhələdə isə İçərişəhər, Qış parkı, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Dədə Qorqud, Atatürk, Nəriman Nərimanov, Sahil parkları, Ağ Şəhər, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi istiqamətindəki yollarda velosiped yollarının təşkili nəzərdə tutulub.

Əsas mövzular