İyunun 21-dən müxtəlif ölkələri təmsil edən komandaların iştirakı ilə Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi sona çatıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin bağlanış mərasimində aviasiya vasitələrinin fəaliyyəti təhlil olunub, əldə olunan nailiyyətlər diqqətə çatdırılıb, planlaşdırılan birgə işlər müzakirə edilib.
Verilən bütün tapşırıqları peşəkarlıqla icra edən hərbi pilotların göstərdikləri nəticələr təlimin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib, bütün ölkələrin komandalarına təşəkkür edilib və hədiyyələr təqdim olunub.
“Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 təyyarəsi iştirak edib.
"Anadolu Qartalı - 2021" təlimi
İyulun 2-də Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2021" beynəlxalq taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi pilotları sonuncu mərhələnin tapşırıqlarını uğurla icra ediblər.
Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Ssenariyə əsasən təlimə cəlb olunan hərbi pilotlar tərəfindən qalxma və enmə, şərti hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub.
Hərbi pilotlarımız şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər.
Azərbaycan HHQ-nin hərbi pilotları xüsusi peşəkarlıq nümayiş etdirərək təlimdə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
1 iyul
Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimlərinin növbəti günündə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotları şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaqla, onun yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları icra ediblər.
Azərbaycanın hərbi pilotları peşəkarlıq nümayiş etdirərək, qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər.
30 iyun
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən "Mustafa Kamal Atatürk – 2021" birgə döyüş atışlı taktiki təlimlərində növbəti təlim-döyüş tapşırıqları icra edilib.
Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərin ilkin mərhələsində şəxsi heyət, silah və döyüş texnikası cəmləşmə rayonuna çıxarılıb və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi üçün hazır vəziyyətə gətirilib.
Müxtəlif mərhələlər üzrə keçirilən təlimlərdə artilleriyaçılar tank bölmələrinin dəstəyi ilə şərti düşmənin canlı qüvvəsi və zirehli texnikasının məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər.
15:41
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən iyunun 28-dən Bakıda “Mustafa Kamal Atatürk - 2021” birgə döyüş atışlı taktiki təlimi başlayıb. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazilriyinə istinadən məlumat verir.
Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.
İyunun 30-dək davam edəcək təlimə 600 nəfərədək şəxsi heyət, 40-dək tank və digər zirehli texnika, 20-dək müxtəlif çaplı artilleriya qurğusu və minaatan, 7 ədəd döyüş və nəqliyyat helikopteri, 3 ədəd müxtəlif təyinatlı pilotsuz uçuş aparatı, 50-dək avtomobil texnikası cəlb olunub.
"Anadolu Qartalı - 2021" təlimləri
Azərbaycan hərbi pilotlarının da iştirakı ilə Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi iyunun 22-də başlayıb.
Hərbi pilotlarımız qarşıya qoyulan tapşırıqları uğurla icra edirlər.
Bu gün, iyulun 1-də "Anadolu Qartalı - 2021" beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavini general-mayor Namiq İslamzadə də iştirak edib.
Qonaqlar Türkiyə Silahlı Qüvvələrinin məşhur "Mehtəran" birliyinin "Mehtər marşı"nı və Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk" və "Türk Ulduzları" aviaqrupuna daxil olan F-5 və F-16 tipli təyyarələrinin nümunəvi uçuşlarını izləyiblər.
Sonda qonaqlar simulyasiya mərkəzi ilə də yaxından tanış olublar.
Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz təlimlərdə iştirak edən pilotların hazırlığını yüksək qiymətləndirib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
“Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimləri iyulun 3-dək davam edəcək.