Avropaya adam kimi uçmaq: azərbaycanlı səyyahları sevindirəcək xəbər

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidWizz Air təyyarəsi, arxiv şəkli
Wizz Air təyyarəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.06.2021
Abunə olmaq
"Wizzair"lə uçuşların qiymətlərinin sərfəli olması səbəbindən hər il xeyli azərbaycanlı Kutaisidən Avropaya səyahət edir.

BAKI, 29 iyun — Sputnik. İyulun 1-dən Macarıstanın aşağıbüdcəli "Wizzair" şirkəti Gürcüstanın Kutaisi beynəlxalq hava limanındakı bazasını bərpa edəcək.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.

Loukoster yenilənmiş aeroportdan 6 istiqamət üzrə - Milan, Praqa, Afina, Saloniki, Larnaka, Memmingen şəhərlərinə reyslər yerinə yetirəcək.

İlkin mərhələdə epidemioloji vəziyyət və Avropa ölkələrində tətbiq olunan məhdudiyyətlər səbəbindən Kutaisidən müntəzəm reyslər həftədə bir dəfə həyata keçiriləcək, qış mövsümündən etibarən isə istiqamət və reyslərin sayı tədricən artırılacaq.

"Wizzair" Kutaisi hava limanında bazasını 2012-ci ildə yaradıb. Ötən ilin iyulunda bazanın fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, "Wizzair" azərbaycanlı səyyahları xidmətlərindən çox istifadə etdiyi aviaşirkətlər arasındadır. "Wizzair"lə uçuşların qiymətlərinin sərfəli olması səbəbindən hər il xeyli azərbaycanlı Kutaisidən Avropaya səyahət edir.

Deputat da elə bunu deyirdi

Məlumat üçün bildirək ki, bu günlərdə Milli Məclisin iclasında deputat Qənirə Paşayeva bir daha AZAL-ı təyyarə biletlərlərinin baha olması ilə əlaqədar tənqid edib. Xanım deputat qeyd edib ki, dəfələrlə deyilməsinə baxmayaraq, şirkət qiymətləri baha saxlamaqda davam edir, bu isə ölkəmizə gəlmək istəyən minlərlə insanın arzusuna mane olur: "Hər gün yüzlərlə insan yazır ki, Azərbaycana gəlmək istəyir, amma biletlər əksər ölkələrlə müqayisədə qat-qat bahadır. Türkiyədən Azərbaycana gəlmək, ölkəmizi görmək istəyən minlərlə insan müraciət edir, amma biletlər baha olduğundan gələ bilmirlər. Mən bu məsələni bir dəfə də qaldırmışdım. Amma nəticə olmadı",- deyə deputat bildirib.

O əlavə edib ki, təyyarə biletlərinin bahalığından şikayət edən, gedib-gəlməkdə çətinlik çəkən yalnız turistlər deyil: "Tələbələrimiz, xəstələrimiz var. Onlar digər ölkələrdən qat-qat baha olan bu bilet qiymətlərinə görə əməlli-başlı əziyyət çəkirlər. Mən xahiş edirəm ki, bu məsələyə baxılsın. Müvafiq qurumlara müraciət edirəm ki, bu məsələyə baxılsın, qiymət məsələsinə yenidən baxması ilə əlaqəli AZAL-a çağırış edirəm".

Xatırladaq ki, AZAL-ın özündən daha yüksəklərdə uçan qiymətləri ilə bağlı dəfələrlə tənqidi fikirlər səsləndirilib. AZAL-ın qiymətləri həmişə digər hava yollarının xidmətlərindən dəfələrlə baha olub. AZAL özünün monopolist mövqeyini maksimum dərəcədə qorumağa çalışır. Pandemiya dövründə çəkdiyi ziyanı da bilet qiymətləri ilə kompensasiya etmək istəyən şirkət səyahət arzusunda olanların qol-qanadını əməlli başlı qırıb. İki qonşu ölkəmizdən nümunə gətirərək deyək ki, Gürcüstandan İstanbula uçuş 110 manat olduğu halda, Azərbaycandan uçuş 800 manat təşkil edir.

Pandemiya dövründə xaricə uçmaq

Qeyd edək ki, Nazirlər Kabinetinin 5 iyunda imzaladığı qərarından sonra 10 iyun tarixindən etibarən epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq Rusiya Federasiyası və Türkiyə Respublikasının vətəndaşları hava yolu ilə Azərbaycan ərazisinə səfərinə icazə verilib.

İyunun 21-dən isə ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətərdən uçuşlara icazə verilib. Həmin qərara əsasən yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID pasport) və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması şərti ilə ölkəmizə səfər edə bilərlər. Həmçinin 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunmalıdır.

Eyni zamanda, 10 iyundan başlayaraq Azərbaycana daxil olmaq üçün bütün 1 yaşdan yuxarı olan sərnişinlərin COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin müddəti uçuşdan əvvəl 48 saatdan 72 saatadək artırılır. 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur. Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar. Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmır və aviadaşıyıcının hesabına həmin təyyarə ilə geri qaytarılırlar.

Xəbər lenti
0