Nazir parlamentə getdi: "Ali təhsil haqqında" qanun layihəsinin müzakirəsinə qatılacaq

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan, 1920, 29.06.2021
Abunə olmaq
İclasda təhsil naziri Emin Əmrullayev, təhsil nazirinin müavinləri Ədalət Muradov, Fariz İsmayılzadə və digər ali təhsil ocaqlarının nümayəndələri iştirak edirlər.

BAKI, 29 iyun — Sputnik. İyunun 29-da Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, iclasda təhsil naziri Emin Əmrullayev, təhsil nazirinin müavinləri, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin rektoru Ədalət Muradov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və digər ali təhsil ocaqlarının nümayəndələri iştirak edirlər.

İclasın gündəliyinə bir məsələ daxildir.

Komitə üzvləri "Ali təhsil haqqında" Azərbaycan Respublikası Qanununun işçi qrup tərəfindən hazırlanmış layihəsini müzakirə edirlər.

Azərbaycanda "Ali təhsil haqqında" qanun hazırlanır

Qeyd edək ki, bu ilin yanvarın 22-də “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun videokonfrans formatında görüşü keçirilib. Parlamentin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə keçirilən konfransda sədr qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış və 2013-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təhsil sahəsində islahatların yeni mərhələsi olub.

Bu strategiyaya uyğun olaraq müasir beynəlxalq təhsil standartlarına əsaslanaraq, Azərbaycanda təhsilin keyfiyyətini yüksəltmək məqsədilə davamlı islahatlar həyata keçirilməkdədir. O cümlədən ali təhsil sahəsində də sistem xarakterli tədbirlər görülüb, islahatlar aparılıb, ali təhsilin keyfiyyəti xeyli yaxşılaşdırılıb. Bununla belə, zaman sürətlə dəyişir, müasir çağırışlar meydana gəlir. Azərbaycanın sürətli və davamlı inkişafı bütün sahələrdə yeni reallıqlar yaradıb. Təbii ki, bu yeni və müasir reallıqlar, həmçinin mövcud dünya təcrübəsinin təhlili ölkəmizdə ali təhsil sahəsində köklü islahatların həyata keçirilməsini və qanunvericilik bazasının möhkəmləndirilməsini zəruri edir.

Bu baxımdan, Prezident İlham Əliyevin təsdiq etdiyi "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" ali təhsilin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin etməyə yönəlmişdir.

Belə ki, bu proqramda həm ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, həm də xaricdə doktorantura təhsili vasitəsilə elmi kadrların hazırlanması nəzərdə tutulur. Ali təhsil müəssisələrinin müasir elmi - tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi sürətlənməli və onların dünya reytinqində irəliləməsi təmin olunmalıdır. Nəticə etibarilə tədqiqat universitetlərinin yaradılması, əmək bazarının tələbləri əsasında yenilikçi, peşəkar kadrların hazırlanması təmin edilməlidir.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, mövcud qanunvericiliyin təhlili göstərir ki, ali təhsilin Avropa ali təhsil məkanına inteqrasiyanı sürətləndirmək məqsədilə kifayət qədər zəruri dövlət proqramlarının icrasına, "Təhsil haqqında" qanuna dəyişiklik və əlavələrin edilməsinə baxmayaraq, ali təhsilin qanunvericilik bazası yetərincə təmin edilməyib.

Ali təhsil haqqında məsələlər "Təhsil haqqında" Qanunda əsasən bir maddədə və çox qısa formada əksini tapıb. Bu sahədə məsələlər digər normativ və hüquqi sənədlər əsasında tənzimlənir. Halbuki bu məsələlər qanunla tənzimlənməlidir. Bu, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələbidir. Ona görə də ilk dəfədir ki, Azərbaycanda "Ali təhsil haqqında" qanun hazırlanır. Sədr qeyd edib ki, əvvəllər belə bir qanun olmayıb.

Təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan təhsilinin qarşısında dayanan mühüm məsələ olan “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması məqsədilə bu cür geniş müzakirənin keçirilməsi təqdirəlayiqdir. Hazırda ölkəmizdə 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onların 20-si Təhsil Nazirliyinin tabeliyində, 13-ü digər nazirlik və komitələrin nəzdində fəaliyyət göstərir, 11-i özəl, 7-si isə xüsusi təyinatlıdır. Nazir hazırlanacaq qanun layihəsinin əsas məsələləri barədə məlumat verib.

Təhsil naziri təhsil sisteminin iştirakçıları, ali təhsilin əlçatanlığı, təhsilin keyfiyyəti, səmərəliliyi, idarəetmə prosesi, ali təhsilin mövcud maliyyələşmə mexanizmləri, təhsilin beynəlxalq standart üzrə təsnifatı, təqaüdlər, tələbə kreditləri, tədris və təlim prosesi, təhsilin iqtisadiyyatı, təhsilin keyfiyyətinə nəzarət və təhsilin formaları barədə fikirlərini bölüşüb, qanun layihəsində nəzərə alınmalı olan məsələləri diqqətə çatdırıb.

Xəbər lenti
0