23:22 04 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0179
  • RUB0.0233
XƏBƏRLƏR
Qısa URL
969 0 0

Ərik orqanizmin toksinlərdən təmizlənməsinə kömək edir, qanda xolesterinin miqdarını azaldır, artıq çəki ilə mübarizə aparır və qaraciyəri müalicə edir.

Qara ciyərin və digər orqanların işini yaxşılaşdıran ən faydalı meyvənin adı açıqlanıb. Bu, tərkibindəki pektin sayəsində pestisidləri, ağır metal ionlarını və sağlamlığa mənfi təsir göstərən digər zərərli maddələri neytrallaşdıran ərikdir.

Bu yay meyvəsinin tərkibində A, C, B, B1, E vitaminləri, beta-keratin, maqnezium, fosfor, yod, dəmir, kalium kimi mineral maddələr var.

Qaraciyərin dostu

Tibbi elmləri namizədi, həkim Anatoli Peçenka bildirir ki, qaraciyər xəstəliklərində daha çox əriyin turş növlərindən istifadə etmək məqsədəuyğundur. Ekspert onu qeyd edir ki, yalnız meyvənin özü deyil, ondan hazırlanan içkilər də faydalıdır. Əriyi son vaxtlar detoks məqsədilə içilən smuzilərin tərkibində də istehlak etmək olar: bu yolla sutkalıq vitamin və mineral dozanızı almış olacaqsınız.

Qalxanabənzər vəzinin işini yaxşılaşdırır

Qalxanabənzər vəzinin xəstəliklərində də profilaktika məqsədilə ərik yemək məsləhət görülür. Bu meyvə damarlara və ürəyə yaxşı təsir göstərir. Bundan başqa, ərik orqanizmi toksinlərdən təmizləyir, xolesterinin səviyyəsini aşağı salır və artıq çəki ilə mübarizə aparır.

Ərik yeyən gec qocalar

Ərik həm də zəngin antioksidant mənbəyidir. Bu meyvə hüceyrələrin sərbəst radikallardan maksimum müdafiəsinə təminat verir.

Meyvənin beta-karotin, vitamin və flavonoidlərlə zəngin tərkibi güclü antioksidant xüsusiyyətini təmin edir: iltihabın qarşısını alır, immunitet sistemini gücləndirir və yaşlanma prosesini ləngidir.

Ərik görmə qabiliyyətini yaxşılaşdırır

Ərik gözün sağlamlığına da müsbət təsir göstərir: görmə qabiliyyətinin pisləşməsinə qarşı profilaktikanı təmin edir, gözlərdə yaşla əlaqədar yaranan dəyişikliklərin qarşısını alır.

Ərik gözəlliyinizin qayğısına qalır

Bu yay meyvəsinin tərkibindəki vitaminləri "gözəllik vitaminləri" də adlandırırlar. Bura A, C və E vitaminləri aiddir. Məhz bu vitaminlər dərini nəmləndirir və qidalandırır, ona elastiklik və sağlam parıltı bəxş edir. Bütün bunlarla yanaşı, sözügedən vitaminlərin xüsusən yay aylarında dırnaqlara, saçlara faydası böyükdür.

Ərik həzm prosesini yaxşılaşdırır

Sapsarı, parlaq əriklər iki növ liflə zəngindir: həll olan və həll olmayan. Bunlardan birincisi mədə turşuluğunun normallaşmasına və şəkərin nəzarətdə qalmasına cavabdehdir, ikincisi isə bağırsağın mikroflorasını dəstəkləyir.

Bununla yanaşı. ərik təbii qarınişlədici hesab olunur. Bu meyvənin həm təzəsi, həm də qurusu metabolizmanı sürətləndirərək artıq çəkidən azad olmanıza kömək edə bilər.

Möhkəm əsəb sistemi üçün ərik yeyin

Ərik – sinir sisteminin sağlamlığı üçün vacib olan kaliumla da zəngindir. Kalium həm də yaddaşı gücləndirir və iş qabiliyyətini artırır.

Ərik yaradıcı insanlar üçün əsl "xoşbəxtlik həbi"dir.

Kimə ərik yemək olmaz

Bütün sadalanan faydaları ilə yanaşı, ərik bəzi insanlar üçün zərərli ola bilər. Əsas problem əriyin çəyirdəyindədir. Belə ki, ərik çəyirdəyinin tərkibindəki amiqdalin adlı maddə həzm prosesi vaxtı güclü turşuya çevrilir. Düzdür, bir neçə çəyirdəkdən heç nə olmaz, ancaq çoxlu miqdarda qəbul etdikdə ürəkbulanması, əzginlik, baş ağrısı və digər xoşagəlməz hallar yarana bilər.

Ancaq əgər ərik tumlarını bişirsəniz və ya sobada qurutsanız, bu zərər minimuma enəcək.

Hepatit xəstələri də ərik çəyirdəyindən ehtiyatla istifadə etməlidirlər.

Eləcə də, diabet xəstələrinin, maddələr mübadiləsinin pozulmasından, qalxanabənzər vəzinin xroniki xəstəliyindən, kəskin mədə xorasından, mədəaltı vəzin fəaliyyətinin pozulmasından və qaraciyər xəstəliklərindən əziyyət çəkənlərin çox ərik yeməsi məsləhət görülmür.

Əsas mövzular