BAKI, 18 iyun — Sputnik. Rusiya Müdafiə Nazirliyi COVID-19-a qarşı saqqız formasında yeni virus əleyhinə preparatın hazırlanmasına başlayıb. Bu barədə RİA Novosti-yə quruma yaxın mənbədən məlumat verilib. Mənbə onu da əlavə edib ki, bu iş "48-ci Mərkəzi Elmi Tədqiqat İnstitutunda aparılır".
"Preparatın faydalı xüsusiyyətləri ilə rahat tətbiq formasının birləşməsi koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə müsbət effekt verəcək", – deyə mənbə vurğulayıb.
İnstitut, həmçinin koronavirusa qarşı pastil formasında mukozal peyvəndi yaratmaqla da məşğuldur.
"Sınaqlar başa çatdıqdan sonra bu peyvənd müxtəlif müalicə sxemlərinə daxil ediləcək və profilaktik dərmanların istifadəsi üçün mövcud mexanizmlərə əlavə kimi istifadə ediləcək", – deyə mənbə bildirib.
Qeyd edək ki, 2020-ci ilin avqust ayında Rusiyanın Səhiyyə Nazirliyi Qamaleya Tədqiqat Elektrokimya və Texnologiya Mərkəzi tərəfindən hazırlanmış COVID-19 əleyhinə dünyada ilk peyvənd olan "Sputnik V"-ni qeydiyyata alıb. "Sputnik V" – insan adenoviral vektorlarının sübut edilmiş və yaxşı öyrənilmiş platforması əsasında yaradılıb. Rusiyada peyvənd olunmuş 3,8 milyon şəxsin nəticələrinin analizinə əsasən, preparatın effektivliyi 97,6%-dir. RBİF və Qamaleya Mərkəzi tərəfindən əvvəllər verilən məlumata görə, bu, "Lancet" tibbi jurnalının öncədən yayımladığı rəqəmdən (91,6%) yüksəkdir.
Preparat bu ilin mart ayının 4-dən etibarən EMA-da ekspertiza prosesinə cəlb olunub. Sözügedən qurum koronavirus peyvəndlərinin Avropa bazarında istifadəsinin təsdiqlənməsi işi ilə məşğul olur.