BAKI, 16 iyun — Sputnik. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, son günlərdə Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 12 kiloqram 754 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
May ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Füzüli rayonunun Horadiz qəsəbəsinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə hərəkət edən 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının "dayan" əmrinə tabe olmayan sərhəd pozucusu ərazidən qaçmağa çalışarkən saxlanılıb.
Saxlanılan şəxsin İran vətəndaşı 1978-ci il təvəllüdlü Ziyarəti Cavid Xeyrulla oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kiloqram 964 qram narkotik vasitə (2950 qram qurudulmuş "marixuana" və 14 qram 283 ədəd maye şəklində "mydrax") aşkar olunaraq götürülüb.
May ayının 24-də Dövlət Sərhəd Xidmətinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-təhqiqat idarəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 ədəd sahibsiz bağlamanın içərisində 5 kiloqram 480 qram narkotik vasitə (2065 qram "marixuana", 1710 qram "heroin" və 1620 qram "metamfetamin") aşkarlanaraq götürülüb.
Növbəti gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Amankənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolağa baxış keçirilərkən aşkarlanmış 1 ədəd qara rəngli bağlamanın içərisindən 4 kiloqram 310 qram narkotik vasitə (679 qram "heroin", 577 qram "metamfetamin", 3054 qram qurudulmuş "marixuana") götürülüb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.