21:19 15 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0567
  • RUB0.0236
XƏBƏRLƏR
Qısa URL
582

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Aleksandr İşeinin dəfn mərasiminə əklil göndəriblər.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşein dəfn olunub.

"Report" xəbər verir ki, mərhum Birinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinin dəfn mərasiminə əklil göndərib.

Aleksandr İşeinlə vida mərasimi Rus Pravoslav Kilsəsində keçirilib. Mərasim saat 12:30-a kimi davam edib. 

Arxiyepiskopun vəfatı

Aleksandr İşein iyunun 10-da uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Aleksandr İşein 13 oktyabr 1952-ci ildə Rusiya Federasiyasının Yaroslavl şəhərində doğulub, 1975-ci ildə dyakon olub. Moskva Teoloji Akademiyası məzunu olub. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib.

1992-ci ildən Azərbaycanda dini fəaliyyətini davam etdirən Aleksandr İşein 1995-ci ildə ölkəmizdəki pravoslav prixodlarının rəhbəri vəzifəsinə təyin olunub, Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlayıb. 

28 dekabr 1998-ci ildə Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu, 2011-ci ildə Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu təyin olunub. 

Onun dövründə 24 iyun Müqəddəs Varfolomeyin anım günü olaraq Bakı Yeparxiyasında qeyd olunmağa başlanıb. 18 iyul 2012-ci ildən bəri arxiyepiskop rütbəsinə layiq görülüb.

Arxiyepiskop Aleksandrın din xadimi kimi səmərəli fəaliyyəti yüksək qiymətləndirilib və o, 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni və 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

27 dekabr 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvü idi.

Prezident və Birinci vitse-prezidentdən başsağlığı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı ilə əlaqədar Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə başsağlığı veriblər.

Dövlətimizin başçısı və birinci xanım Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı barədə xəbərin onları dərindən kədərləndirdiyini bildiriblər.

Başsağlığı məktubunda deyilir:

"Arxiyepiskop Aleksandrın fədakar əməyi, parlaq vaizlik istedadı, Azərbaycan–Rusiya dostluğunun, konfessiyalararası həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsinə böyük şəxsi töhfəsi ona haqlı olaraq müxtəlif millətlərin və dini etiqadların nümayəndələri arasında dərin hörmət qazandırmışdır. Onun xatirəsi qəlbimizdə daim yaşayacaq".

Həmçinin oxuyun: 

* Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu vəfat edib

* Rus Pravoslav Kilsəsinin başçısı Aleksandr Ata Birinci Fəxri Xiyabanda dəfn ediləcək

Əsas mövzular