Azərbaycanın xoş məramı, Aleksandr Atanın vəfatı və böyük görüşə hazırlıq - İCMAL

© AZƏRTACAleksandr İşein
Aleksandr İşein  - Sputnik Azərbaycan, 1920, 12.06.2021
Abunə olmaq
Başa çatmaqda olan həftə yalnız böyük futbol bayramı nəhayət ki, başlayacağı həyəcanı ilə deyil, həmçinin bəzi müsbət və o qədər də xoş olmayan xəbərlərlə yadda qalıb.

BAKI, 12 iyun — Sputnik. İyunun 7-si Baş Prokurorluq Kəlbəcər hadisəsi ilə bağlı sosial şəbəkə məlumatlarına aydınlıq gətirib. Aparılan ilkin istintaqla müəyyən edilib ki, hadisənin baş verdiyi əraziyə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarəti tam təmin olunduğundan, işğaldan azad olunduqdan sonra ora düşmən təxribat qruplarının sızması və orada mina basdırması istisna edilir.

Hadisə yerinə mütəxəssislərin iştirakı ilə keçirilmiş baxış zamanı 240 x 230 sm ölçülərində 97 sm dərinliyində çuxur və 1 ədəd tam yararsız hala düşmüş "Kamaz" markalı sərnişin avtomobili aşkar olunub.

Hadisənin baş vermə səbəblərinə gəldikdə isə, partlayış sahəsinin ölçülərinə və partlayış yerinin görünüşünə görə 60-97 sm dərinliyində basdırılmış tank əleyhinə 1 ədəd mina olub. Partlayış yerində minanın heç bir qalığının aşkar olunmaması ilə müəyyən edilir ki, partlayış zamanı istifadə olunan mina plastmas, parça və ya korpussuz tipli tank əleyhinə minaya aid olub, fuqas (zirehdələn) tipli, tank və zirehli texnikaların tırtılına qarşı istifadə olunmaqla yollarda və texnikaların hərəkət edə biləcəyi yerlərdə qurulması üçün nəzərdə tutulub.

Partlamış minanın tank əleyhinə TM-62P2, TM-62P3, TM-62T və ya TM-62B tipli (eyni qrupa daxil olan) mina olması və üzərindən avtobusun keçməsi nəticəsində minanın işə düşməsi (partlaması) ehtimal olunur.

Həmçinin müəyyən edilib ki, erməni qanunsuz silahlı birləşmələri işğal zamanı qeyd edilən yoldan döyüş mövqelərinin təminat yolu kimi istifadə ediblər, Kəlbəcər rayonunu tərk edən zaman isə geri çəkildikləri həmin əraziləri minalayıblar.

Yolunu azmış erməni hərbçi

İyunun 8-də Müdafiə Nazirliyi əvvəlcə məlumat yaydı ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Elə həmin gün axşam saatlarında aparılmış əlavə araşdırmalar nəticəsində məlum oldu ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb. A.Kartanyanın ilkin dindirmə əsnasında özünü şübhəli apardığına və qeyri-dəqiq cavab verdiyinə görə onun Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun hərbi qulluqçusu olması barədə şübhələr yaranıb.

Qeyd olunanları nəzərə alaraq, A.Kartanyan qarşı tərəfə geri təhvil verilib.

Bununla, Azərbaycan tərəfinin humanist davranışını növbəti dəfə nümayiş etdirərək ölkəmizə qarşı cinayət törətməmiş şəxsin geri qaytarılmasını təmin edib.

Qarşılıqlı səfərlər

Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarian Azərbaycanda, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov isə Pakistanda səfərdə olub. Görüşlər zamanı ikitərəfli əlaqələr, hərbi və hərbi – texniki sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

ABŞ dövlət katibinin köməkçisinin iki günlük Bakı səfəri

ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin səlahiyyətlərini icra edən Filip Riker iyunun 8-də ikigünlük səfər proqramı ilə Azərbaycana gəlib.

Onun Azərbaycana səfəri zamanı müzakirə olunan əsas mövzu Ermənistanın mina xəritələrini təqdim etməməsi olub.

ABŞ rəsmisi Kəlbəcərdə mina partlaması nəticəsində iki azərbaycanlı jurnalistin həlak olmasını şərh edərkən baş vermiş hadisəni faciə adlandırıb və "bütün mina sahələrinin xəritələrinin verilməsinin" vacibliyini vurğulayıb.

Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasına toxunan Riker bu prosesin çox vacib olduğunu bildirib.

Ərdoğanın gözlənilən Şuşa səfəri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 9-u Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə Azərbaycana səfər edəcək. Səfər zamanı o, azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək, Şuşaya səfər edəcək və iyunun 16-sı AVRO 2020 çərçivəsində Bakıda keçiriləcək Türkiyə - Uels oyununa baxacaq.

Aleksandr Atanın vəfatı

İyunun 10-u Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı ilə əlaqədar Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə başsağlığı veriblər.

İlham Əliyev Putini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

"Hörmətli Vladimir Vladimiroviç.

Dövlət bayramınız – Rusiya Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Rusiyanın bütün xalqını ürəkdən təbrik edirəm.

Rusiya Federasiyası dövlət quruculuğu, davamlı sosial-iqtisadi inkişaf və ictimai həyatın bütün sahələrinin modernləşdirilməsi üçün böyük yol keçib və bu işdə sanballı uğurlar qazanıb. Bu gün Sizin ölkəniz dünyada gedən proseslərin nüfuzlu iştirakçısı kimi aktual çağırışlara və təhdidlərə qarşı mübarizədə mühüm məsələlər həll edir, qlobal və regional sülhün, təhlükəsizliyin dəstəklənməsinə sanballı töhfə verir.

Azərbaycan ilə Rusiya arasında möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələrinə əsaslanan münasibətlərin dinamik və uğurlu inkişafı xüsusi məmnunluq doğurur. Ölkələrimizin ən geniş məsələlər spektrinə dair konstruktiv ikitərəfli dialoqunu və səmərəli əməkdaşlığını da qeyd etmək istərdim.

Biz 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların əldə edilməsində və həyata keçirilməsində Rusiya Federasiyasının vasitəçilik səylərini yüksək qiymətləndiririk. İnanıram ki, Azərbaycan-Rusiya strateji tərəfdaşlığı və çoxplanlı qarşılıqlı fəaliyyəti bundan sonra da səmərəli inkişaf edəcək və dərinləşəcək, xalqlarımızın və ölkələrimizin rifahı, regionda sabitliyin, əməkdaşlığın və tərəqqinin təmin edilməsi naminə yeni məzmun kəsb edəcək.

Hörmətli Vladimir Vladimiroviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün rusiyalılara əmin-amanlıq və firavanlıq arzu edirəm".

Bir gündə iki dəfə atəşkəs pozuldu

İyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Həmin gün saat 17.00-dan 17.30-dək Vardenis rayonu ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan atəşə tutulub.

Kəlbəcər ötən gün də atəşə tutulmuşdu

Qeyd edək ki, ötən gün də Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan silahlı qüvvələrinin bölmələrinə atəş açması barədə açıqlama yayıb.

Ermənistan silahlı qüvvələri tərəfindən silahlı qüvvələrimizin mövqelərinə atəş açılması faktı öz təsdiqini tapıb. Açılmış atəş nəticəsində Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti sırasında həlak olan və ya yaralanan yoxdur.

"Bu fakt bir daha onu sübut edir ki, Ermənistan tərəfi seçki öncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək siyasətini davam etdirir.

Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür", - deyə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən bildirilib.

Xəbər lenti
0