22:00 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
1370

Avropa çempionatı oyunları ilə əlaqədar Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslər 15 gündən artıq ölkədə olduqları təqdirdə, olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

BAKI, 10 iyun — Sputnik. Dövlət Miqrasiya Xidməti (DMX) 2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək oyunları ilə əlaqədar Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə bağlı paylaşım edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, DMX-nin mətbaut xidmətinin rəhbəri Elnur Kələntərov "Facebook" sosial şəbəkədəki hesabında bildirib ki, Bakı şəhərində keçiriləcək futbol üzrə Avropa çempionatı ilə əlaqədar ölkəyə səfər edən əcnəbilər aşağıda göstərilən sənədlərdən hər hansı birini təqdim etdikdə 2021-ci il iyulun 5-dək dövlət sərhədindən buraxılış məntəqələrində viza ala bilərlər:

1. Oyunların Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin və ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;

2. Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya digər sənəd;

3. Bakı şəhərində keçiriləcək oyunlarda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Futbol oyunları ilə əlaqədar ölkəyə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslər mütləq qaydada uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PZR testinin neqativ nəticəsini təsdiq edən sənəd təqdim etməlidirlər.

Qeyd: Avropa çempionatı oyunları ilə əlaqədar Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslər 15 gündən artıq ölkədə olduqları təqdirdə, olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Xatırladaq ki, AVRO-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan üçü A qrupunda baş tutacaq. 12 iyunda Uels – İsveçrə (saat 17:00-da), 16 iyunda Türkiyə - Uels (saat 20:00), 20 iyunda Türkiyə - İsveçrə (saat 20:00) görüşləri təşkil olunacaq. 1/4 final mərhələsinin 3 iyuldakı qarşılaşması saat 20:00-da start götürəcək.

Onu da xatırladaq ki, Azərbaycanda keçiriləcək AVRO-2020-nin qrup oyunlarına gələcək azarkeşlər koronavirus pandemiyası səbəbindən karantinə alınmayacaq. Türkiyə, İsveçrə və Böyük Britaniyadan olan bilet sahibləri, həmçinin 1/4 final iştirakçılarının azarkeşləri vizaları Bakıya çatarkən hava limanında əldə edəcəklər. Onlar bu sənədi onlayn şəkildə də ala bilərlər. Standart vizalar onlayn rejimdə üç iş gününə alınırsa, bunu təcili şəkildə 3-5 saata həll etmək olacaq. Bütün azarkeşlərə müvafiq qaydalara əməl etmək tövsiyə olunacaq.

Azarkeşlər ölkəyə daxil olarkən sərhəddə bileti və koronavirus testinin mənfi nəticə göstərdiyini təsdiqləyən sənədi göstərməlidir. Stadiona giriş üçün əlavə testə ehtiyac olmayacaq. Koronavirus pandemiyası nəzərə alınaraq Bakıda fanzonalar təşkil edilməyəcək. Bu, insanların bir yerə toplaşmaması üçündür.

Əsas mövzular