20:34 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
574

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”a dəyişikliklər edib.

BAKI, 9 iyun - Sputnik. Azərbaycanda təyyarədə sərnişinlərə əl yükünün daşınmasına qoyulan qadağa ləğv edilib.

Bu, Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”a etdiyi dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qərara əsasən, aviaşirkətlərin bütün reyslərində əl yükünün daşınmasına icazə verilmirdi. Aviaşirkətin qaydalarına əsasən yalnız aşağıdakı şəxsi istifadə əşyalarının əl yükü kimi daşınmasına yol verilirdi:

-. qadın əl çantası və ya kişi portfeli;

- ölçüləri 30x35x10 sm-dən böyük olmayan foto/videokamera;

- portativ kompüter çantası (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir);

- üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir);

- gül dəstəsi;

- uşaqlarla uçuş zamanı uşaq yeməyi və uşaq yol beşiyi;

- çətir;

- uçuş zamanı oxumaq üçün qəzet, jurnal və digər materiallar;

- ev heyvanlarının daşınmasını tənzimləyən müvafiq qaydalara riayət etməklə ev heyvanlarının daşınmasına icazə verilir.

Dəqişikliyə əsasən isə artıq məhdudiyyətlər aradan qaldırılır, əl yükünün daşınmasına icazə verilir.

Digər dəyişiklik aerovağzal kompleksinin girişində postlarla bağlıdır. Hazırda aerovağzal kompleksinin girişində sərnişinlərin pasportunun, müəyyən reys üçün biletlərinin və uçuşdan 48 saat əvvəl COVID-19 müayinəsinə dair neqativ nəticəli arayışın mövcudluğunu yoxlayan aviasiya təhlükəsizliyi işçilərindən, polis və tibb əməkdaşlarından ibarət postlar fəaliyyət göstərir. Bundan sonra isə aerovağzal kompleksinin girişində sərnişinlərin pasportunun, müəyyən reys üçün biletlərinin mövcudluğunu yoxlayan aviasiya təhlükəsizliyi işçilərindən ibarət postlar fəaliyyət göstərəcək. Beləliklə, artıq postlarda polis və tibb əməkdaşları yer almayacaq.

Azərbaycana uçuşlar üçün əcnəbilərdən COVID-19 pasportu tələb olunacaq

Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”a etdiyi digər dəyişikliyə əsasən Azərbaycan Respublikasından yola düşən sərnişinlərin COVID-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən aviadaşıyıcı tərəfindən tənzimlənəcək.

Qüvvədə olan qərara əsasən, Azərbaycan Respublikasından yola düşən, uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırdılar. İndiyə qədər Azərbaycan Respublikasından yola düşən sərnişinlərin arayışlarının yoxlanılması terminalların girişində fəaliyyət göstərən tibb personalı tərəfindən həyata keçirilirdi. Sərnişinlərin uçuşa qeydiyyatı və hava gəmisinə daxil olması bu arayışlar əsasında həyata keçirilirdi. Bu prosedur ləğv edilib.

Müayinə xərcləri isə yenə də sərnişinlərin özləri tərəfindən ödəniləcək.

Qüvvədə olan qərara əsasən, Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılar uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən, nəticələri neqativ olan sərnişinləri reysə qəbul edirlər və reysə qeydiyyat zamanı sərnişinlərin (tranzit və transfer sərnişinlər daxil olmaqla) arayışlarının yoxlanılmasını təmin edirlər. Arayışın elektron qaydada yoxlanılması məqsədilə arayışda elektron təsdiq atributları (QR-kod, eyniləşdirmə nömrəsi və s.) olan şəxslərin müvafiq yoxlanış yerlərindən sürətli keçidi təmin edilir.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılar aşağıdakı şərtlərlə sərnişinləri reysə qəbul edəcəklər:

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə münasibətdə:

- yaşı 18-dən yuxarı sərnişinləri – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

-1-18 yaş arasında sərnişinləri – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə:

– uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.

Arayışla bərabər isə artıq COVID-19 pasportunun elektron qaydada yoxlanılması məqsədilə arayışda elektron təsdiq atributları (QR-kod, eyniləşdirmə nömrəsi və s.) olan şəxslərin müvafiq yoxlanış yerlərindən sürətli keçidi təmin ediləcək.

Təyyarələrdə birdəfəlik qablardan istifadəyə dair tələb ləğv olunub

Azərbaycana uçuşlar və Azərbaycandan uçuşlar zamanı aviaşirkətlərə qida təminatı ilə bağlı qoyulan tələblərdən biri də ləğv edilib.

Dəyişikliyə əsasən, uçub gedən hava gəmiləri və uçub gələn hava gəmilərində sərnişinlərə xidmət üçün birdəfəlik istifadə qabları təqdim olunmasına dair tələb ləğv olunub.

Əsas mövzular