19:05 23 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0264
  • RUB0.0233
XƏBƏRLƏR
Qısa URL
2965

Yeni növ koronavirus pandemiyası hər bir sektora, o cümlədən, ibadət sahəsinə də təsirsiz ötüşməyib.

BAKI, 2 iyun — Sputnik. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydaları açıqlayıb. QMİ-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dini ibadətlər (dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaq şərtilə)) təşkil edilməlidir.

Yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslərin ibadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə verilir. Azyaşlı (14 yaşdan yuxarı olmayan) uşaqların ibadət yerlərinə gətirilməsinə yol verilmir. İnfeksiyasının yayılmasının qarşısının alınması məqsədilə COVID-19 xəstəliyinin əlamətlərini hiss edən şəxslər məscidə və digər ibadət yerlərinə buraxılmır.

Məscid və digər ibadət yerlərinə gələn şəxslər mütləq COVID-19 pasportunu (peyvənd vurulmasına dair və ya immunitet sertifikatını) təqdim etməli, tibbi maska taxmalı, antiseptik məhluldan istifadə etməli, əl ilə görüşməməlidir. İbadət yerində olarkən onların arasındakı məsafə 4 bir tərəfdən minimum 1,5 metr, sahə imkan verdikdə isə daha çox olmalı, məsciddə ibadət etmək istəyən şəxslər təharətli olmalı, dəstəmaz zərurəti yarandıqda onlar öz şəxsi dəsmallarından istifadə etməli, özləri ilə səccadə və möhür gətirməlidir.

Eləcə də ibadət etmək istəyən şəxslər məscidə yalnız namaz vaxtı, digər ibadət yerlərinə müvafiq ibadətlər icra olunan zaman gəlməli və namaz (ibadət) bitdikdən sonra məscidi (ibadət yerini) tərk etməlidirlər. Bu zaman ictimai yerlərdə qruplarda cəmlənməyə dair tələblərə ciddi əməl edilməlidir.

Məscid və digər ibadət yerləri bədən hərarətini ölçən termometr, dezinfeksiya məhlulu və ehtiyat tibbi maska ilə təmin olunmalı, hər kütləvi ibadətdən sonra ibadət yerlərində hökmən dezinfeksiya – sanitar tədbirlər həyata keçirilməli və mütəmadi havalandırma təmin edilməlidir.

İbadət yerlərinə daxil olan şəxslərin COVID-19 pasportu və temperaturu yoxlanılmalı, bədən temperaturu norma daxilində olan və COVID-19 pasportuna malik olan şəxslər içəri buraxılmalı və onların tibbi maska ilə təmin edilməsinə və onların sayının müvafiq normalara uyğunluğuna ciddi nəzarət edilməlidir.

Məscidlərin imamları, icma sədrləri və digər ibadət yerlərinin məsul şəxsləri bu qaydaların icrasına nəzarət etməlidirlər. Bütün bu qaydalar tezliklə sərbəst şəkildə ibadət şəraitinin bərpa olunması məramına xidmət etməklə müvəqqəti xarakter daşıyır.

Qeyd edək ki, Nazirlər Kabinetinin 26 may 2021-ci il 151 nömrəli Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə qərarına əsasən 2021-ci il 10 iyun saat 00:00-dan dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla fəaliyyəti bərpa edilib. Xatırladaq ki, 2020-ci ilin mart ayının 17-dən Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələrlə birlikdə qəbul edilən qərara əsasən koronavirus infeksiyasının törədə biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məscid və ziyarətgahlara giriş-çıxışa məhdudiyyətlər tətbiq edilib.

Əsas mövzular