Səfir AXC-nin müstəqilliyinin elan edildiyi binanı ziyarət etdi

© Photo : National Archive Department of AzerbaijanADR
ADR - Sputnik Azərbaycan, 1920, 28.05.2021
Abunə olmaq
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev İstiqlal Bəyannaməsinin imzalandığı bildirilən zalın xarici divarına vurulmuş məlumat lövhəsinin önünə gül dəstəsi qoyub.

BAKI, 28 may - Sputnik. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin digər əməkdaşları Tbilisidə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müstəqilliyinin elan edildiyi binanı ziyarət edib.

Səfirlikdən Sputnik Azərbaycan-a göndərilən məlumata görə, Faiq Quliyev İstiqlal Bəyannaməsinin imzalandığı bildirilən zalın xarici divarına vurulmuş məlumat lövhəsinin önünə gül dəstəsi qoyub.

Səfirlik əməkdaşlarına binanın tarixi, həmçinin aparılan təmir-bərpa işləri ilə bağlı məlumat verilib.

Qeyd edək ki, müstəqil Azərbaycan dövlətinin yaranması Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanması şəraitində baş verib. 1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırıb.

Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alınıb. Müvəqqəti Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyasının MK sədri), İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski (bitərəf) seçilib.

1918-ci il may ayının 28-də Tiflisdə Milli Şuranın birinci iclası keçirilib və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edilib. Beləliklə, 100 ildən artıq fasilədən sonra Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyi bərpa olunub.

Elə həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən "Azərbaycanın istiqlaliyyəti haqqında Akt" (İstiqlal Bəyənnaməsi) qəbul edilib.

Xəbər lenti
0