BAKI, 25 may — Sputnik. ABŞ Prezidenti Cozef Bayden Rusiya lideri Vladimir Putinlə ilk üzbəüz görüşünü iyunun 15-16-da İsveçrədə keçirmək niyyətindədir. Bu barədə CNN telekanalı iki yüksək rütbəli amerikalı məmura istinadla məlumat yayıb.
Xəbərə görə, iki liderin görüş yeri olmağa namizəd şəhərlər arasında ən son iddiaçı Cenevrə olub. Beləliklə, Baydenin Putinlə görüşü ABŞ prezidentin vəzifəyə başladığı gündən bəri çıxdığı beynəlxalq səfərlərin yekunu olacaq.
Qeyd edək ki, məşhur "Politico" nəşri dünyanın iki aparıcı dövlətinin liderlərinin Bakıda görüşə biləcəyi ehtimalını irəli sürmüşdü. Xəbərdə bildirilirdi ki, ABŞ-ın sabiq rəsmi şəxsləri və analitikləri hər iki prezidentin görüşünün Çexiyanın paytaxtı Praqa, İslandiyanın paytaxtı Reykyavik, Sloveniya paytaxtı Lyublyana və Azərbaycanın paytaxtı Bakıda keçirilə biləcəyini istisna etmirlər.