BAKI, 24 may — Sputnik. Ermənistan xarici işlər nazirinin səlahiyyətlərini icra edən Ara Ayvazyan İranın Yerevandakı səfiri Abbas Badahşan Zahuri ilə görüşüb. Sputnik Ermənistan xəbər verir ki, görüş zamanı regionda sülh və təhlükəsizlik məsələləri müzakirə olunub.
Məlumatda qeyd olunur ki, tərəflər, həmçinin Ermənistanın Azərbaycanla sərhədində baş verənlərə dair də fikir mübadiləsi aparıb.
Bildirilir ki, nazir və səfir Ermənistan-İran münasibətlərini, həmçinin ikitərəfli qarşılıqlı yüksək rütbəli nümayəndə heyətlərinin səfərləri zamanı əldə olunan razılaşmaların reallaşdırılması məsələlərini müzakirə edib.
Xatırladaq ki, mayın 12-də rəsmi Yerevan Azərbaycan hərbçilərinin Ermənistanın dövlət sərhədini keçdiyini və ölkənin dərinliklərinə doğru 3,5 kilometr irəlilədiyini bəyan edib. Üstəlik, bəzi məlumatlara görə, Azərbaycan tərəfi Qaragöl gölünü (Sev liç) nəzarətə götürüb.
Həmin gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Ermənistan tərəfi ilə danışıqlar aparmaq üçün Azərbaycan-Ermənistan sərhədinə gedib. Daha sonra Qarabağdakı Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradov və 102-ci Rusiya bazasının nümayəndələri danışıqlara qatılıb.
Danışıqlar davam edərkən Ermınistanın baş naziri Nikol Paşinyan KTMT-yə müraciət edib və Rusiya prezidentindən kömək istəyib.
Mövcud vəziyyəti şərh edən Azərbaycan Xarici İşlər Nazirliyi Yerevana təşvişə düşməməyi tövsiyə edib və bildirib ki, Azərbaycan sərhədçiləri Qarabağla bağlı razılaşmalar çərçivəsində hərəkət edir.
Beşgünlük danışıqların nəticəsində rəsmi Yerevan hələ də Azərbaycan hərbçilərinin Qaragöl gölü ətrafında olduğunu bəyan etməkdədir.
Həmçinin oxuyun:
* Putin və Əliyev Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyəti müzakirə ediblər