BAKI, 21 may — Sputnik. Genetiklərin IV Beynəlxalq Konqresi İranın Yəzd şəhərində işini davam etdirir. Sputnik Azərbaycan İran mediasına istinadən xəbər verir ki, onlayn rejimdə keçirilən tədbirdə dünyanın bir sıra ölkələrindən bu sahədə çalışan həkimlər iştirak edib.
Konqres çərçivəsində dörd ayrı bölmədə sonsuzluqdan əziyyət çəkən cütlüklərin müalicəsinə dair genetika sahəsində aparılan təcrübələrin nəticələri açıqlanacaq: kişi genetikası və sonsuzluq, qadın genetikası və sonsuzluq, insan səhiyyəsinə istiqamətlənmiş genetika, reproduksiya və doğuşdan əvvəl dölün xəstəliklərinin diaqnostikası.
İki gün davam edəcək konqresdə ABŞ, Kanada, Hollandiya, İtaliya, Fransa, Türkiyə, Böyük Britaniya, Oman, Yeni Zelandiya və İranın bir sıra elmi mərkəzlərini təmsil edən həkimlər sonsuzluğun müalicəsi üçün yeni metodların hazırlanmasına dair məruzə ilə çıxış edəcəklər.