BAKI, 14 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri vəzifəsini cra edən Nikol Paşinyan arasında telefon söhbəti olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"RF prezidenti Vladimir Putinlə Ermənistan Respublikası baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon söhbəti olub. Dağlıq Qarabağ ətrafındakı vəziyyətin müzakirəsi davam etdirilib. Ermənistan-Azərbaycan sərhədində bu yaxınlarda baş vermiş insidentə dair fikir mübadiləsinin gedişində Vladimir Putin 2020-ci il noyabrın 9-da və bu il yanvarın 11-də Rusiya, Ermənistan və Azərbaycan liderlərinin verdikləri bəyanatların bütün müddəalarının - ilk növbədə atəşkəs rejiminə əməl olunması baxımından tam yerinə yetirilməsinin zəruriliyinə diqqət yönəldib", - məlumatda deyilir.
Rusiya Prezidenti vasitəçilik səylərinin və Bakı və Yerevanla kontaktların davam etdirilməsinə olan qətiyyətini təsdiq edib.
"Rusiya tərəfinin bölgədə sabitliyin təmin olunması naminə fəal vasitəçilik səylərinin və Bakı və Yerevanla sıx təmasların davam etdirilməsinə olan qətiyyəti təsdiq edilib. Rusiya prezidentinə minnətdarlığını ifadə edən Nikol Paşinyan bütün ortaya çıxan problemlərin yalnız dinc, siyasi-diplomatik vasitələrlə həll olunması naminə konstruktiv dialoq və qarşılıqlı fəaliyyət tərəfdarı olduğunu bildirib", - məlumatda bildirilir.
Söhbət zamanı həmçinin Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin bərpa olunması məsələlərinə toxunulub. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.
Xatırladaq ki, dünən Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanatla çıxış edib.
"10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən, işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir.
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır. Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir.
12 may tarixindən etibarən AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır.
Ermənistanın siyasi-hərbi dairələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik.
Azərbaycan öz tərəfindən, qeyd olunan bölgədə gərginliyin aradan qaldırılmasına sadiqdir və bu istiqamətində müvafiq addımların atılmasına çağırır" - bəyanatda deyilir.
Həmçinin oxuyun:
Azərbaycan XİN-dən sərhəd hay-küyünə cavab: "Təşvişə düşməyin"
ABŞ Azərbaycan-Ermənistan sərhədindəki olaylara münasibət bildirdi
Azərbaycan-Ermənistan sərhədində gərginliklə bağlı zənglər: ATƏT də narahatdır