DİM-dən imtahanlarda iştirak edəcək şəhid övladlarına müraciət - Pulsuz olacaq

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 08.05.2021
Abunə olmaq
I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların qeyd olunan imtahanlarda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.

BAKI, 8 may — Sputnik. Məlum olduğu kimi, "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamı ilə həmin ildən etibarən ümumi təhsil müəssisələrini bitirən, ilk dəfə orta ixtisas təhsili müəssisələrinə və ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş vətəndaşların iştirak haqları dövlət büdcəsinin vəsaiti hesabına təmin edilir.

Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qeyd olunan Sərəncama 7 may 2021-ci il tarixində edilmiş dəyişikliyə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən kateqoriyaya aid vətəndaşların siyahısı genişləndirilib. Belə ki, yeni Sərəncamla əvvəlki və cari ilin məzunu olmasından və imtahanlarda (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və kolleclərə qəbul) neçənci dəfə iştirak etməsindən asılı olmayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların qeyd olunan imtahanlarda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.

Bundan əlavə, qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu zamanı yuxarıda göstərilən kateqoriyaya aid vətəndaşlardan müvafiq statusunu təsdiq edən hər hansı sənəd tələb olunmayacaq. Ərizə qəbulu elektron qaydada aparılır və müraciət edən şəxslərin statusu dövlət orqanlarının elektron məlumat bazalarından götürüləcək. Sadəcə olaraq həmin şəxslər haqqında məlumatlar müvafiq dövlət orqanının elektron bazasında olmalıdır.

Xəbər lenti
0