Xəzər sahilində 150-dən çox suiti cəsədi aşkar olunub

© AFP 2023 / Handout / North Caucasian branch of Russia's fisheries agencyТело мертвого каспийского тюленя на берегу Каспийского моря, фото из архива
Тело мертвого каспийского тюленя на берегу Каспийского моря, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.05.2021
Abunə olmaq
Son illər Xəzərin Dağıstan sahillərində suiti cəsədləri bir neçə ildən bir dövriliklə aşkar olunur. Belə ki, bu cür hallar 2012 və 2016-cı illərdə təkrar olunub.

BAKI, 6 may — Sputnik. İki gün ərzində alimlər Xəzər dənizi sahilində 150-dən çox suiti cəsədi aşkar ediblər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, hələ ki, Xəzər suitilərinin kütləvi qırılmasının səbəbləri məlum deyil.

"Birinci gün təqribən 30 ölü suiti aşkar edilib. Onlar əsasən cavan fərdlər idi və onların da əksəriyyəti dərisiz idi. İkinci gün isə biz başqa mənzərənin şahidi olduq, daha 125 suiti cəsədi aşkar etdik. Onların arasında yaşlı heyvanlar da var. Dəhşətli mənzərədir, hər 50-100 metrdən bir heyvan cəsədi var", - deyə "Dəniz məməliləri" elmi-ekspedisiya mərkəzinin təbiəti mühafizə layihələrinin əlaqələndiricisi Viktor Nikiforov bildirib.

Onun sözlərinə görə, hazırda heyvanların ölümünün dəqiq səbəbini müəyyən etmək mümkün deyil.

"Balıqçılıq, iqlimin çirklənməsi və başqa səbəblər ola bilər. Hazırda ən vacib məsələ suiti populyasiyasının ilboyu monitorinqinin təşkilidir və biz də, tərəfdaşlarımız da buna çalışırıq", - deyə Nikiforov vurğulayıb.

Əlaqələndirici onu da deyib ki, vəziyyət elə miqyas alıb ki, ölən heyvanların sayı arta da bilər, lakin bunu dəqiq demək olmaz.

2020-ci ilin dekabr ayında Xəzər dənizinin Dağıstan sahillərində 300-dən çox ölü suitinin aşkar olunduğu barədə xəbər yayılıb. Alimlərin qənaətinə görə, heyvanların qırılmasının əsas səbəbi təbii təbiət amilləri olub.

Qeyd edək ki, son illər Xəzərin Dağıstan sahillərində suiti cəsədləri bir neçə ildən bir dövriliklə aşkar olunur. Belə ki, bu cür hallar 2012 və 2016-cı illərdə təkrar olunub. 2016-cı ilin noyabrında Xəzər dənizində baş verən uzun sürən davamlı fırtınalardan sonra Dağıstan sahillərində suiti cəsədləri aşkar olunub. Həmin hadisə zamanı müxtəlif yaşlı 300 suiti cəsədi aşkar olunub. Heyvanların kütləvi şəkildə tələf olmasının dəqiq səbəbi o zaman da müəyyən olunmayıb.

Xəzər suitisi (Pusa caspica Gmelin) Xəzər dənizində yaşayan yeganə məməlidir və dünyada ən kiçik qulaqsız suiti növlərindən biridir. O, yem zəncirinin başında dayanaraq həm də hövzənin ekoloji vəziyyətinin önəmli göstəricisi rolunu oynayır. XIX əsrin sonlarında Xəzərdə suitilərin sayı 1 milyondan çox olub. Növbəti yüz il ərzində tənzimlənməyən ov, çirklənmə və digər səbəblərdən rəqəm xeyli azalaraq 1996-cı ildə "IUCN" adı altında tanınan Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin "Qırmızı siyahı"sına vəziyyəti "zəif" statusu ilə daxil olub.

 

Xəbər lenti
0