BAKI, 6 may — Sputnik. "Vətən Müharibəsi Qəhrəmanı"nın tabutu hərbi ehtiram göstərilməsi zamanı Dövlət bayrağı ilə örtüləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bununla əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə dəyişiklik təklif edilir.
Təklif edilən dəyişikliyə əsasən, tabutu hərbi ehtiram göstərilməsi zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı ilə örtülən şəxslərin əhatə dairəsi genişləndirilir. Layihəyə əsasən, "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, "Zəfər" və "Qarabağ" ordeni ilə təltif edilmiş şəxslər bu sıraya daxil edilir.
Bundan başqa, dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin əhatə dairəsi genişləndirilir. Bununla əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə dəyişiklik təklif edilir.
Layihəyə əsasən, "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, Zəfər və Qarabağ ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstəriləcək.