BAKI, 26 aprel — Sputnik. "We are social" platformasının yaydığı son məlumata görə, Azərbaycanda əhalinin 81,1%-i (8,26 milyon) internet istifadəçisidir. Azərbaycan üzrə internet istifadəçilərinin sayı ötən ilə nisbətən 202 min nəfər, yəni 2,5% artıb.
İnternet istifadəçilərinin sosial şəbəkə platformalarından istifadə aktivliyini nəzərə alaraq Media Təhlil Mərkəzi (MTM) tərəfindən növbəti sorğu keçirilib. Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, sorğuda iştirak edən 730 respondentin 49%-ni qadınlar, 51%-ni kişilər təşkil edib.
Respondentlər cavablardan bir neçəsini seçməklə son 3 ayda aktiv olduqları sosial şəbəkələri açıqlayıblar. Göstəricilər aşağıdakı kimidir:
"Whatsapp" 92,2%;
"Facebook" 87,9%;
"Instagram" 76,4%;
"Telegram" 60,3%;
"Twitter" 23,3%;
"TikTok" 18,6%;
"LinkedIn" 12,7%;
"VKontakte" 5,8%;
"Odnoklassniki" 4,8%.
İştirakçıların 7,1%-i sosial şəbəkələrdən gündə bir dəfə istifadə etsə də, 91,4%-i gün ərzində bir neçə dəfə istifadə etdiyini vurğulayıb.
Respondentlərin 0,8%-i həftədə bir neçə dəfə, 0,3%-i həftədə bir dəfə, 0,4%-i isə sosial şəbəkələrdən çox az hallarda istifadə etdiyini bildirib.
Cavab verənlərin 55,2%-i sosial şəbəkələrə ayırdıqları vaxtın onların təhsilinə və ya işinə mane olmadığını düşünsə də, 10,3%-i bunun əksini, 34,5%-i isə sosial platformalarda az vaxt keçirdiyini qeyd edib.
Sorğu iştirakçılarının 58,1%-nin qənaətinə görə, sosial şəbəkələr onların işinə və ya təhsilinə müsbət təsir göstərir. Sosial platformalardan əyləncə üçün istifadə edənlər respondentlərin 31,6%-ni, sosial şəbəkələrin vaxt itkisi olduğunu bildirənlər isə cavab verənlərin 10,3%-ini təşkil edib.