BAKI, 26 aprel — Sputnik. Astrobiololar Marsın təkində mikrobların yaşaması üçün enerji və bütün zəruri maddələrin olduğu qənaətinə gəliblər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, mütəxəssislər bu fikrə "Qırmızı panetin" səthindən qoparaq Yer üzərinə düşmüş meteoritlərin kimyəvi tərkibini təhlil etdikdən sonra gəliblər.
Belə ki, "Astrobiology" məcmuəsində dərc olunmuş məlumatlara əsasən, tədqiq edilmiş suxurlar su ilə daim təmasda olduğu təqdirdə onlarda Yerin qaranlıq dərinliklərində mövcud olan mikroorqanizmlərin analoqlarının yaşaması üçün zəruri olan əlavə kimyəvi birləşmələr əmələ gələ bilər.
Tədqiqatlar göstərir ki, Marsın da təkinin böyük hissəsi canlı orqanizmlərin yaşaması üçün yararlıdır.
Haqqında danışılan bu cür mümkün reaksiyalardan biri "radioliz"dir. Bu reaksiya zamanı suxurların tərkibində olan radioaktiv elementlər su ilə reaksiyaya girir və nəticədə həyat mənbəyi hesab etdiyimiz bu maye hidrogen və oksigenə parçalanır. Həmin hidrogen qrunt sularında həll olunur. Minerallar, məsələn pirit isə sərbəstləşmiş oksigeni özünə çəkərək sulfat mineralları yaradır. Mikroblar həll olunmuş hidrogeni yanacaq şəklində uda və sulfatların tərkibindəki oksigeni isə həmin yanacağın "yandırılması" üçün istifadə edə bilərlər.
Tədqiqatlar göstərir ki, "Qırmızı planet"dən gəlmiş meteoritlərin bəzi tiplərində torium, uran və kalium kimi radioaktiv maddələr, habelə sulfid mineralları var. Həmin bu maddələr sulfatlara və suyu özündə saxlamaq üçün səthində kifayət qədər dəlikli suxurlara çevrilə bilər.
Bu isə Marsda həyat üçün zəruri olan şəraitin olması ehtimalını sübut edir.
Məlumdur ki, Marsın təkində aktiv qrunt suları sistemi olub. Bu cür suların hazırda da olmasını deməyə alimlərin kifayət qədər əsası var.