12:30 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
XƏBƏRLƏR
Qısa URL
734 0 0

"Onlayn təhsil şagirdlər arasında ünsiyyəti azaltdığından aqressiya artır. Şagirdlərin uzun müddət evdə qalması psixoloji gərginliyə səbəb olur"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 mart — Sputnik. Məktəblilər arasında intihar hadisələri ümumtəhsil müəssisələrində psixoloq məsələsini yenidən gündəmə gətirib. Qaradağ rayonu Lökbatan qəsəbəsində 11-ci sinif şagirdləri - 2004-cü il təvəllüdlü Mətanət Elşən qızı Quliyeva və Əfruz Rafiq qızı Səmədovanın özlərini binanın damından ataraq intihar etməsi şagirdlər arasında psixoloji işin aparılmasında problemlərin olduğunu qabardıb.

Sputnik Azərbaycan onlayn təhsil sistemində şagirdlər arasında psixoloji işin necə aparıldığını araşdırıb.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya dövründə təhsilin distant formaya keçməsinin şagirdlərə psixoloji təsiri danılmazdır. K.Əsədovun sözlərinə görə, Rusiya və Türkiyə məktəblərində pandemiya dövründə psixoloji xidmət və dəstək daha da artırılıb: “Microsoft Teams proqramı və Teledərs ancaq fənlər üzrə nəzərdə tutulub. Şagirdlərdə pandemiya dövrünün yaratdığı psixoloji gərginliyin aradan qaldırılması üçün fəaliyyət çox aşağı səviyyədədir. Ölkədə bir ildən çoxdur ki, orta ümumtəhsil məktəblərimizdə tədris prosesi işləmir. Azərbaycanda dərslər onlayn qaydada həyata keçirilir və informasiya verilir. Lakin şagirdlərin sosiallaşması, məktəblilərin ciddi problemlərinin həllində onlara yardımçı ola bilmirik və dinləmirik.

Nəzərə almaq lazımdır ki, məktəb şagirdlərin biri-biri ilə ünsiyyətində vacib rol oynayır. Məktəbə gedən şagirdlər sosiallaşırlar. İnternet və sosial şəbəkənin uşaqların həyatına sürətlə inteqrasiyası psixoloqların rolunu bir qədər də artırır. Bu səbəbdən də Türkiyə və Rusiyanın orta məktəblərinin sosial şəbəkə hesablarında, saytlarında kifayət qədər psixoloji testlər, məqalə və materiallar yerləşdirilib.

Təəssüf ki, Azərbaycanda orta məktəblərin sosial şəbəkə hesabları ancaq Təhsil Nazirliyinin xəbərlərini paylaşmaqdan və ya nazirin, nazirliyin hansısa əməkdaşının müsahibə, statusunu repost etməkdən ibarətdir. Mən heç bir orta məktəbin sosial şəbəkədəki səhifələrində psixoloji dəstək məqalələri və testlər görmürəm. Psixoloji konsultasiyalar mövzusunda hər hansı fəaliyyət gözə dəymir. Digər tərəfdən isə məktəblilər arasında intihar halları artır. 2019-cu illə müqayisədə 2021-ci ilin eyni dövründə intihar edən məktəblilərin sayı artıb”.

K.Əsədov deyir ki, orta məktəblərdə psixoloq ştatlarında çalışanların çoxu ixtisaslı kadr deyil, təyinatı üzrə fəaliyyət göstərmir: “Çox təəssüf ki, orta məktəbdə psixoloq kimi çalışanların çoxu jurnal doldurur, dəftərxana işi ilə məşğul olur, yaxud da direktorlara çay daşıyırlar. Təbii ki, bu, hamısına aid deyil. Amma onlar bir çox hallarda vəzifələrini yerinə yetirmirlər. Bu gün ölkənin 4447 orta ümumtəhsil məktəbinin 2900-də psixoloq ştatı var. Məktəblərdə intihar hadisələrinin qarşısını almaq üçün psixoloqların üzərinə böyük öhdəliklər qoyulmalıdır. Türkiyə, Rusiya kimi ölkələrdə psixoloqların üzərinə bu mənada məsuliyyət qoyulub. Bu ölkələrdə məktəb psixoloqları şagirdlərin dərsdə və şəxsi həyatda yaşadığı uğursuzluqlar zamanı depressiyaya düşməmələri, mövcud vəziyyətdən çıxmaları üçün konkret iş aparırlar. Azərbaycanda məktəblərdə psixoloq çatışmazlığı da var. 100 şagirdi olan məktəbin də bir psixoloqu var, 1000-3000 şagirdi olan məktəblərin də. İlk növbədə psixoloq ştatının sayı artırılmalıdır. Digər məqam ondan ibarətdir ki, bəzi məktəb psixoloqları qeyri-ixtisas sahədən gəliblər. Onlar 6 aylıq kurs bitirərək bu ştata qəbul olunurlar”.

Ekspert deyir ki, məktəb psixoloqları şagirdlər arasında psixoloji durumu öyrənmək üçün mütləq onlarla söhbət aparmalı, məktəblilərin psixoloji vəziyyətlərini müəyyənləşdirməlidirlər.

Psixoloq Elnur Rüstəmov Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, pandemiya yeni ünsiyyət forması meydana gətirdiyindən şagirdlərə təsirsiz ötüşməyib: “Təbii ki, pandemiya şagirdlərin psixologiyasına öz təsirlərini göstərib. Elə bu səbəbdən də Təhsil Nazirliyi “Virtual məktəb” layihəsində də psixoloji xidmət həyata keçirir. Hətta nazirlik daha çox şagirdin faydalanması üçün “Virtual Məktəb”də psixoloji xidmət vaxtını dərsdən sonraya, axşam saatlarına salıb. Bununla belə,  valideyn və şagirdlər tərəfindən psixoloji xidmətə maraq azdır. Ona görə də bu istiqamətdə təşviqat işi aparmaq lazımdır ki, şagirdlər həmin saatda “Virtual məktəb”ə qoşulub psixoloqu dinləsinlər. Orada psixoloqla fərdi söhbətlərin aparılması da mümkündür. Yəni hər bir şagird, müəllim, valideyn şəxsi kabineti vasitəsilə psixoloqla söhbətləşə, onu narahat edən məsələləri bildirə, psixoloji dəstək ala bilər. Hətta təhsilverənlərə də psixoloji təlimlər keçirilir”.

Psixoloqun sözlərinə görə, distant təhsil şagirdlər arasında aqressivliyi artırır: “Çox yaxşı olardı ki, məktəblər əyani fəaliyyət göstərsin. Bu gün təhsil prosesi hibrid formada həyata keçirilir. Onlayn təhsil şagirdlər arasında ünsiyyəti azaltdığından aqressiya artır. Şagirdlərin uzun müddət evdə qalması psixoloji gərginliyə səbəb olur. Bütün bunlar şagirdlər arasında intihara meyllilik yaradır”.

E.Rüstəmovun fikrincə, məktəblərdə ixtisaslı psixoloqlar var. Amma bəzi məktəblər üçün bir psixoloqun olması azdır: "Məktəblərdə psixoloji xidmətin təşkili üçün Nazirlər Kabineti tərəfindən  2020-ci ilin 30 aprelində qərar verilib. Amma bu gün elə məktəblər var ki, psixoloq sayı azdır. Bütün məktəblərə ixtisaslı psixoloq yerləşdirmək qeyri-mümkündür. Çünki bu sahədə ixtisaslı kadr azdır. Amma təlimlərə cəlb etməklə psixoloq sayını artırmaq mümkündür”.

Bütün bunlarla yanaşı, E. Rüstəmov psixoloji işin səmərə verməsi üçün valideyn-şagird-məktəb üçbucağının olmasını vacib hesab edir: “Bəzən ailədaxili problemlər olur. Burada tək məktəb psixoloqlarının iş aparması yetərli deyil. Ailənin özünün də psixoloji dəstəyə ehtiyacı olur”. 

Qeyd edək ki, orta məktəblərdə psixoloqların sayı ilə bağlı təklif Nazirlər Kabineti tərəfindən təsdiq edilib. İndiyə qədər şagird sayından asılı olmayaraq hər məktəbə 1 psixoloq ştat vahidi müəyyən edilmişdisə, Baş Nazir Əli Əsədovun imzaladığı yeni qərara görə, artıq şagird sayı 1000-dək olduqda 1 vahid, şagird sayı 1000-dən 3000-dək olduqda 2 vahid, şagird sayı 3000-dən çox olduqda 3 vahid psixoloq ayrılmalıdır.

Təhsil Nazirliyindən ümumtəhsil müəssisələrində psixoloq sayı, ixtisaslı kadr məsələsi ilə bağlı sorğumuza araşdırma aparıldıqdan sonra cavab veriləcəyi bildirildi.

Təhsil naziri Emin Əmrullayev isə sosial şəbəkə hesabında bullinq və şagirdlərə qarşı zorakılıq hallarının müəyyən edilməsi, qeydiyyatın aparılması, hər bir halın araşdırılması və zəruri tədbirlərin görülməsinə dair profilaktika mexanizmləri hazırlandığını bildirib. Onun sözlərinə görə, antibullinqlə mübarizəyə dair 4000 müəllimə və 2000 nəfər məktəb rəhbərinə təlimlər keçirilib: “Eyni zamanda, ötən il “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili” qaydalarının təsdiq edilməsi, 226 məktəbdə 400.000-ə qədər şagirdi əhatə edən “Məktəblinin Dostu” layihəsi, müəllimlər üçün məktəb psixologiyası sahəsində ixtisasartırma təlimlərinin keçirilməsi, uşaq psixologiyası üzrə 800 nəfər psixoloq üçün təlimlərin keçirilməsi və hazırda da UNİCEF-in dəstəyi ilə davam edən 300 nəfər psixoloq üçün cəbhəyanı bölgələrdə təlimlərin təşkili Təhsil Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlərə nümunədir. Məsələnin bir şəxsdən və ya qurumdan deyil, daha çox müxtəlif tərəflər arasında qurulan əməkdaşlıqdan asılı olduğuna inanır, məktəb, valideyn və geniş ictimaiyyətin bu məsələlərin həllində xüsusi rolu olduğunu qeyd etmək istəyirəm. Hər bir şagirdimizin psixoloji rifahı, sağlamlığı və təhlükəsizliyi Təhsil Nazirliyi üçün prioritetdir”.

Teqlər:
ailə, dərs, onlayn, intihar, psixoloji yardım, psixologiya, psixoloq, şagirdlər, məktəb, pandemiya

Əsas mövzular