00:53 04 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0547
XƏBƏRLƏR
Qısa URL
25 0 0

Sabir Rüstəmxanlı: "Partiyamızın böyük gəlirləri yoxdur. Bununla belə büdcədən ayrılan vəsaitin hesabına müəyyən humanitar aksiyalarda iştirak edirik".

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 11 fevral — Sputnik. Azərbaycanda dövlət büdcəsindən maliyyə yardımı alacaq siyasi partiyaların sayı 10-a çatıb. 

 “Siyasi partiyalar haqqında” qanunun tələbinə uyğun olaraq keçən il dövlət qeydiyyatına alınan və parlamentdə təmsil olunan Milli Cəbhə Partiyası və Respublikaçı Alternativ Partiyası da bu ildən dövlət büdcəsindən maliyyə yardımı alacaq.

Milli Cəbhə Partiyası (MCP) sədri Razi Nurullayev açıqlamasında bununla bağlı müvafiq dövlət orqanının sənədlərinin artıq partiyaya daxil olduğunu bildirib. Sənədləşmə prosesi başa çatdıqdan sonra dövlət büdcəsindən ayrılan vəsaitin partiyanın hesabına köçürülməsinə başlanacaq. Onun sözlərinə görə, partiyaya ayrılan vəsait aylıq 14 min manatdan çox olacaq.

Büdcədən maliyyə ayrılacaq Respublikaçı Alternativ Partiyasına (REAL) isə sənədlərin yaxın günlərdə təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, 2020-ci ildə Milli Məclisə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) parlamentdə 70, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 3, Böyük Quruluş Partiyası (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Ana Vətən Partiyası (AVP), Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP), Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) və Vətəndaş Birliyi Partiyası isə parlamentdə 1 deputatla təmsil olunmaq hüququ qazanıb. Bu 9 partiyadan yalnız Vətəndaş Birliyi Partiyası 2020-ci ildə öncəki illərdə olduğu kimi, büdcədən ayrılan vəsaitdən imtina edib.

Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev APA-ya açıqlamasında hər il olduğu kimi, 2021-ci ildə də büdcədən ayrılan vəsaitdən imtina etdiyini bildirib. 

Beləliklə, 2021-ci ildə aşağıdakı partiyalara dövlət büdcəsindən vəsait ayrılacaq: YAP, VHP, BQP, BAXCP, AVP, Vəhdət Partiyası, ADMP, ADMP, MCP, REAL.

Xatırladaq ki, “Siyasi partiyalar haqqında” qanuna əsasən, yeni çağırış Milli Məclisə keçirilmiş seçkilərin yekunlarına əsasən Milli Məclis səlahiyyətli tərkibdə formalaşdığı gündən etibarən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən ayrılan vəsaitin rüblər üzrə bərabər hissələrlə siyasi partiyanın bank hesabına köçürülməsinə dair yeni qayda müəyyənləşib. Artıq vəsaitin 10 faizi deyil, 5 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslərin ən azı 3 faizin qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional qaydada bölünəcək. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər bölünəcək. Vəsaitin 50 faizi Milli Məclisin say tərkibinə (125) bölünəcək və bunun nəticəsində alınan məbləğ Milli Məclisdə təmsil olunan siyasi partiyalardan seçilmiş deputatların sayına vurulmaqla müəyyən edilmiş məbləğ həmin siyasi partiyalara ayrılacaq.

Milli Məclisə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi)  ilə əlaqədar, habelə digər səbəblərdən Milli Məclisdə siyasi partiyaları təmsil edən deputatların sayı artdıqda və ya azaldıqda bu vəsaitin həmin siyasi partiyalara ayrılması zamanı da nəzərdə tutulmuş qayda tətbiq olunacaq. Siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin müvafiq rüb üzrə istifadə olunmamış hissəsi həmin rübün sonunda Milli Məclisdə siyasi partiyaları təmsil edən deputatların sayına uyğun olaraq proporsional qaydada siyasi partiyalara ayrılacaq.

Bu ilin dövlət büdcəsində siyasi partiyalara 4 milyon manat maliyyə yardımı ayrılması nəzərdə tutulub.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) 2020-ci ilə dair gəlirləri və xərclərini açıqlayıb. Ötən il YAP-ın gəlirləri 12 288 708 manat olub. Qeyd edək ki, "Siyasi Partiyalar haqqında" qanuna uyğun olaraq dövlət büdcəsindən vəsaitin ayrılması yolu ilə siyasi partiyalara maliyyə yardımı göstərilir.

Bəs dövlət büdcəsindən maliyyələşən partiyalar hesabatlılığa nə qədər önəm verir və vəsaitlər nəyə xərclənir? Sputnik Azərbaycan mövzu ilə bağlı bir neçə partiya rəsmisinin fikirlərini öyrənib.

Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib ki, təmsil olunduğu partiya "Siyasi Partiyalar haqqında" qanunun tələblərinə uyğun olaraq hər ilin yekununda maliyyə hesabatını açıqlayır.

O bildirib ki, YAP-ın fəaliyyəti tamamilə şəffafdır:

"Yığılan üzvlük haqları və qəbul edilən vəsaitlər partiyanın saxlanmasına, müxtəlif tədbirlərin keçirilməsinə, eyni zamanda vaxtaşırı təşkil edilən humanitar fəaliyyətlərə sərf olunur. Partiyamızın rəhbəri ölkə başçısıdır və onun fəaliyyətindəki şəffaflıq rəhbərlik etdiyi partiyanın fəaliyyətində də özünü göstərir. YAP ölkəmiz üçün aktual olan bütün məsələlərlə bağlı prinsipial mövqeyini ortaya qoyur. Dövlət quruculuğu, seçkilər və cəmiyyətin maarifləndirilməsində öz üzərinə düşən vəzifələri yerinə yetirir".

Hazırkı parlamentdə YAP-dan sonra ən çox millət vəkili ilə təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə deyib ki, rəhbərlik etdiyi partiya əsasən dövlət büdcəsi hesabına maliyyələşir və əlavə gəlir mənbəyi yoxdur. O bildirib ki, ayrılan vəsait partiyanın icra aparatının saxlanmasına sərf edilir. Sədr qeyd edib ki, partiya yarananda üzvlük haqqı toplamaq ənənəsi olmayıb və indi də yoxdur: "Partiyamızın böyük gəlirləri yoxdur. Bununla belə büdcədən ayrılan vəsaitin hesabına müəyyən humanitar aksiyalarda iştirak edirik. Ehtiyac olsa, partiyamız gəlirlər və xərclərlə bağlı hesabatı açıqlaya bilər".

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib ki, sədrlik etdiyi partiyanın hesabatı yaxın müddətdə hazırlanıb, təqdim ediləcək:

"Partiyaların hesabatlı olmasına müsbət yanaşırıq. Bizim partiyamız ilkin hesabat təqdim edən partiyalardandır və bununla bağlı hər hansı problem yoxdur". Vəsaitin yetərliliyi haqqında sualımıza cavabında partiya sədri bildirib ki, dövlət tərəfindən ayrılan vəsait yetərincədir və onu da partiyanın inkişafı üçün sərf edirlər".

"Eyni zamanda partiyamızda üzvlük haqları toplanır ki, bu da partiyamız üçün kifayət edir", – deyə partiya sədri əlavə edib.

Əsas mövzular